Smollinq İngiltərənin 3 klubunun hədəfində

Karyerasını icarə əsasında “Roma”da davam etdirən Kris Smollinq yenidən İngiltərədə çıxış edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan müdafiəçi, “Everton”, “Lester” və “Arsenal”ın maraq dairəsindədir. 29 yaşlı müdafiəçinin xüsusilə “Arsenal”ın əsas hədəfi olduğu və London klubunun danışıqlara başlamağa hazırlaşdığı bildirilir.

“Roma”da göstərdiyi oyunla diqqət mərkəzində olan ingiltərəli futbolçunun İtaliyadan ayrılmaq istəmədiyi, paytaxt klubunda möhkəmlənmək niyyətində olduğu deyilir.

Yay transfer pəncərəsi dövründə 3 milyon avro müqabilində “qırmızı şeytanlar”dan “Roma”ya keçən Smollinqin icarə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.