“Roma”nın baş məşqçisindən Smollinqlə bağlı açıqlama

“Roma” klubunun baş məşqçisi Paulo Fonseka icarə əsasında “canavarlar”da çıxış edən Kris Smollinqlə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “Mançester Yunayted”ə məxsus olan futbolçunun xidmətindən razı olduğunu bildirib:

“İngiltərədən kənarda çıxış etməmiş Smollinqin İtaliya A Seriyası kimi çempionatda çıxışı məni təəccübləndirdi. O, çox tez adaptasiya oldu. Smollinq çox ağıllı və bəyəndiyim xüsusiyyətlərə sahib futbolçudur. Onun oyunu oxumaq kimi xüsusiyyəti var. Bu, komanda üçün çox vacibdir.

Mümkün olsa, onu komandada saxlamaq istəyirik. O, olduqca peşəkar futbolçu və yaxşı insandır. Onu heyətimizdə görmək böyük zövqdür” .

Keçən ilin yayından icarə əsasında “Roma”da çıxış edən futbolçunun paytaxt klubu ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. Smollinqin “Mançester Yunayted”lə müqaviləsi isə 2022-ci ilin yayında başa çatır.