Romadakı turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı

İyunun 22-də İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürəcək.

Komanda.az xəbər verir ki, 4 gün davam edəcək ənənəvi yarış cari ilin 3-cü reytinq turniri statusunu daşıyır. Yunan-Roma güləşi üzrə milli komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli, Murad Məmmədov, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) yer alıb. Aparıcı güləşçilərdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirdə iştirak etməyəcək.

Proqrama əsasən, Ülvü istisna olmaqla, bütün milli üzvləri sabah mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar 20:00-da başlayacaq. Qənizadə isə növbəti gün xalça üzərinə çıxacaq.

Turnirin son 2 günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Əşrəf Aşırov, Xadjimurad Omarov (hər ikisi 79 kq), Abubakr Abakarov, Orxan Abasov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizi Romada təmsil edəcək.

İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək. Yarışın son günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.

Reytinq turnirində 1-ci kateqoriyalı hakim Natiq Hacıyev ədaləti qoruyacaq.