“Real”ın stadionu koronavirusla mübarizə mərkəzinə çevrildi

Madrid “Real”ı İspaniyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmağa qərar verib.

Komanda.az xəbər verir ki, La Liqa nəhəngi bu məqsədlə ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunu koronavirusla mübarizənin xidmətinə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bundan sonra sözügedən arena pandemiyaya qarşı mübarizə məqsədilə istifadə üçün nəzərdə tutulan tibbi ləvazimatların saxlanılması məqsədilə, depo kimi istifadə olunacaq. Həmin ləvazimatlar lazım olan ünvanlara məhz “Real”ın stadionunda bölüşdürülərək çatdırılacaq.

Madrid təmsilçisi koronavirusla mübarizədə daha çox lazım olan ləvazimatları almaq istəyən, lakin onları depolamaq imkanı olmayan bütün şirkətlərə və imkanlı şəxslərə belə bir fürsət yaratdıqlarını açıqlayıb. “Santyaqo Bernabeu”da toplanacaq bütün ləvazimatlar ölkənin səhiyyə nazirliyinin nəzarəti və göstərişi ilə ən çox ehtiyac duyulan nöqtələrə çatdırılacaq.