“Real”ın kapitanı “Barselona”ya qarşı oynaya biləcək

İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramos La Liqanın 7-ci turunda “Barselona”ya qarşı matçda iştirak edə biləcək.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan oyundan öncə baş tutan mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, komandanın kapitanı zədəsini sağaldıb və mövsümün ilk “el-klasiko”sunda meydanda olacaq.

“Barselona”da isə müdafiəçi Jordi Alba zədəsini sağaldıb. Onun da “Real”la görüşdə meydana çıxması gözlənilir.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Barselona” – “Real” matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.