“Rapid”ə məğlubiyyəti unutmaq asan deyil” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 5:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun oldu. Bu matç üçün narahat idim. Çünki “Rapid”lə matçda 120 dəqiqə mübarizə aparmışdıq. Səfərdəki nəticəyə görə üzgün idik. Ona görə bu gün qələbə qazandığımız üçün çox sevinirəm”.

46 yaşlı mütəxəssis komandasının daha güclü olduğunu bildirib:

“Futbolçuların daha aqressiv olmasını və əldə etdiyimiz epizodların hamısını qola çevirmələrini istəyirəm”.

“Rege” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Rapid”inə (Vyana) qarşı keçirdikləri görüşü unutmadığını söyləyib:

“Bunu unutmaq asan deyil. Pley-off üçün şansımız var idi. Həmin matçdan nəticə çıxarmalı və daha güclü olmalıyıq. Komandamın total, aqressiv və hücumameyilli futbol oynamasını istəyirəm. Bunun üçün keyfiyyətli oyunçularımız var”.

Regekampf Rəhman Hacıyevin onun üçün vacib oyunçu olduğunu söyləyib:

“Onun günü deyildi. Öz keyfiyyətini komanda üçün istifadə etməlidir. Sürətindən və texniki bacarıqlarından yararlanmalıdır. Mənim onunla konfliktim yoxdur. Emin Mahmudov və Rəhman Hacıyevi daha çox meydanda saxlamağa qərar verdim. Çünki Yeqor Boqomolski hələ tam hazır deyil. Ona hücumçu kimi oynamasını deməmişdim. Amma texniki bacarıqları olduğu üçün irəlidə çıxış etdi. Sevinirəm ki, oyunundan narazı qaldı. Əminəm ki, gələn matçda daha yaxşı olacaq”.

Mütəxəssis son olaraq yeni transfer Vato Arveladzenin çıxışı barədə danışıb:

“Vato yaxşı oyunçudur, bizə çox köməyi dəyəcək. Cəmi bir həftədir bizimlədir. Hələlik tam hazır deyil ki, istədiyimiz oyunu göstərə bilsin. Ehtiyatlı davranmalıyıq ki, oyunçular zədələnməsin. Adaptasiya üçün ona daha çox vaxt lazımdır”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button