Rəşad Sadiqov futbol üçün darıxır, bəs Əmrah Çəlikəl?

Koronavirus pandemiyası elə ab-hava yaradıb ki, adam oturduğu yerdə əsəb keçirir. Hər yer bağlı, gedib-gəlməyə yer yox, evdə oturmaqdan başqa məşğuliyyət tapa bilmirsən. Televizor, telefon, bilgisayar… Nə qədər olar?

İndi hamının bir arzusu var, karantin rejiminin tez bitməsi və yasaqlarsız həyata qovuşmaq! Həmin anı təsəvvür etməyin özü belə adama qəribə gəlir. Artıq hər kəs özü üçün gələcəklə bağlı plan müəyyənləşdirib. Kim hara gedəcək, kim əsəbini necə soyudacaq, kim aylarla evdə qalmağın acığını kimdən və necə çıxacaq – zamanın öhdəsinə buraxmaqdan başqa çarəmiz yoxdu. Allahdan tək istəyimiz bəladan bacardıqca tez qurtulmaqdı.

Bu baxımdan çoxları kimi, futbol sahəsində çalışanların da işi çətindi. Daim kollektiv içində olmaq, geniş publika önünə çıxmaq onlar üçün vərdişə çevrilib. İndi evdə oturub divarlara baxmağa məcburdular.

Bu dəfə bəzi tanınmış futbol adamlarına bir sualla müraciət etdik: kim və ya nə üçün darıxmısız?

Əmrah Çəlikəl, “Qarabağ”ın baş direktoru: “İlk öncə onu deyim ki, insanların tez bir zamanda bu virusdan qurtulacağını və normal həyata davam edəcəyimizi arzulayıram. Ən çox nə üçün darıxmışam? “Qarabağ”ın avrokuboklardakı oyunları üçün. Onminlərlə azarkeşin bir yerə toplaşması, birlik və bərabərlik göstərib rəqiblərimizi təzyiq altında saxlaması, komandamızın inamlı çıxışı – bunları yenə görmək istəyirəm. Bu gün dediklərim gözəl bir xatirə, gələcək üçün gözəl bir xəyal kimi görünsə də, yenidən həmin anları birgə yaşayacağımıza əminəm”.

Füzuli Məmmədov, “Neftçi”nin baş məşqçisi: “Bu dəqiqə ən çox bazamız üçün darıxıram. Futbolçu və məşqçi heyəti, eləcə də texniki heyətlə görüşüb məşqə çıxmağımız, məşqin özü, məşqdən sonra xoş əhval-ruhiyyədə sağollaşmağımız, arada zarafatlaşmağımız – bunların hər biri üçün darıxıram. Bir də, əlbəttə, çempionatdakı oyunlarımız üçün. İnşallah, bu çətin günlər geridə qalar, həyat yenə əvvəlki axarında davam edər”.

Aftandil Hacıyev, “Səbail”in baş məşqçisi: “Düzü, son illər ərazində ailəyə bu qədər çox vaxt ayırdığımı xatırlamıram. Daim toplanışlarda, məşqlərdə, oyunlarda olmuşam, evə gələndə də yorğunluq. Karantin rejimi ailəyə yaxın olmağım, uşaqların dərsləri və təlim-tərbiyəsi ilə maraqlanmağım baxımından faydalı oldu. Neçə vaxtdı yığılıb qalan işlər var idi, onları da həll etməyə çalışıram. Belə deyim, başım qarışır, darıxmağa çox vaxt olmur.

Amma nə olursa-olsun, futbolsuz qalmaq adamı hövsələdən çıxardır. Futbol yoxdu, sanki həyat dayanıb. Komandam üçün darıxmışam, kollektivimiz üçün. Məşqlər, oyunlar, gərginlik həyatımızın bir parçasına çevrilib. Bəzən nələrdənsə gileylənirdik, narazı qalırdıq. Amma indi o günlər üçün darıxırıq. Ona görə də hər saniyəmizin qədrini bilməliyik”.

Rəşad Sadiqov, “Keşlə”nin yarımmüdafiəçisi: “Hərdən öz-özümə deyirəm ki, nə yaxşı texnologiya bu qədər inkişaf elədi. Maşallah, internetin sayəsində hamı ilə həm telefon kimi, həm də videogörüntü ilə danışa bilirik. Uşaqlar dərslərini onlayn edə bilirlər. Baş qatmaq üçün vasitə çoxdu. Şükürlər olsun, evdə ailəm və övladlarımla, valideynlərimlə vaxtım xoş keçir. Amma futbolsuz qalmaq çox çətindi. Gözümüzü açandan daim futbolun içində olmuşuq. İndi birdən-birə 1-2 ay uzaq düşmək, futbolsuz, oyunsuz, məşqsiz, stadionsuz qalmaq adama təsir edir. Futbolun olmaması bir tərəfə, kollektiv kimi bir yerə yığışa da bilmirik. Adam istər-istəməz o həyat üçün darıxır”. (“Futbol+” qəzeti)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button