Rəşad Sadıqov: “Əvəzetmə sayının artırılmasını dəstəkləyirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun alındı. Hər iki komanda istəkli idi, səf etməkdən çəkinirdi. İlk hissədə üstünlük bizdə olsa da, ikinci yarıda oyun meydanın mərkəzində keçdi. Komandamın çıxışından razıyam. Futbolçular bu gün oyunu yüksək səviyyədə keçirdilər. Kubok matçları fərqlidir. İlk hissəni oynadıq. Qarşıda bizi çempionat və kubokun cavab oyunu gözləyir.

Hamidu Keytanın oyunundan razı qaldım. Onun meydanda qalması rəqib üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Zədələnməsindən ehtiyat etdiyim üçün əvəzlədim.

Əvəzetmə sayına gəlincə, standartlardan kənara çıxdığımız çox məsələ var. Kimdəsə əvəzetmə sayı 5-dirsə, o demək deyil ki, bizdə də belə olmalıdır. Mənim üçün fərqi yoxdur. Əvəzetmə sayının artırılmasını dəstəkləyirəm. Mən orta xətti seçdim. Dedim ki, 3 və ya 5 yox, 4 olsun. Pandemiyaya görə güzəşt istəyirlərsə, 4 ideal rəqəmdir. Bizdə oyun sayı da azdır. 5 də ola bilər. Mən sadəcə, öz fikrimi bildirdim.

Legioner limiti ləğv edilsə belə, gələcəkdə də gənclərə şans verəcəm. Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolçu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki, gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk”.

Baş məşqçi iki cəbhədə mübarizə aparmağın çətin olduğunu söyləyib: “Belədə vaxt az qalır. “Neftçi” ilə eyni vəziyyətdəyik. Amma məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button