Rəsmi: “Yuventus”un sabiq üzvü “Qalatasaray”a keçir – Danışıqlar başladı

“Monako”dan hücumçu Radamel Falkaonu Türkiyəyə gətirən “Qalatasaray” heyətini daha iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin “Brayton” klubundan Florin Andoneni, “Sauthempton”dan isə Mario Leminanı heyətinə qatmaq üzrədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Falkaonu birdəfəlik transfer edən “sarı-qırmızılar”, Andone ilə Leminanı icarəyə götürəcəyini açıqlayıb. Artıq sözügedən klublarla rəsmi danışıqlara start verilib. Lemina ilə Andonenin qısa zaman içində İstanbula gələrək icarə müqaviləsinə imza atması gözlənilir.

Rumıniya yığmasının da şərəfini qoruyan Andone, “Brayton”da 2018-ci ildən çıxış edir. 26 yaşlı hücumçu daha öncə “Kastelyon”, “Vilyarreal”, “Atletiko” (Baleares), “Kordoba” və “Deportivo”da da forma geyinib.

Qabon yığmasının yarımmüdafiəçisi Lemina isə 2017-ci ildən “Sauthempton”dadır. 26 yaşlı futbolçu karyerası ərzində “Loryan”, “Marsel” və “Yuventus”un uğurları üçün çalışıb.

Yeri gəlmişkən, “Qalatasaray” öz hücumçusu Mbaye Dianeni də icarəyə vermək üzrədir. Belə ki, İstanbul klubu rəsmi saytı vasitəsilə seneqallı forvardın Belçika “Brügge”sinə keçidi ilə bağlı razılaşdığını bəyan edib. Ötən mövsüm “Kasımpaşa”dan transfer olunan 28 yaşlı futbolçu qarşıdakı mövsümü məhz “Brügge”də icarədə keçirəcək.