“Rəqibin işini özümüz asanlaşdırdıq” – Ağabala Ramazanov

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistləsin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu öncə oyunla bağlı danışıb:

  • Yaxşı hazırlaşmışdıq. Oyunun əhəmiyyətini hamımız dərk edirdik. Qalib gəlsəydik, mövqeyimizi möhkəmləndirəcəkdik. Ancaq alınmadı. Futboldu, keçən tur səfərdə “Zirə”yə qalib gəlmişdik, bu gün öndə olduğumuz matçda məğlub olduq. “Qəbələ”nin məğlubiyyətindən xəbərimiz var idi, qalib gəlsəydik, 3-cü yerdə daha da möhkəmlənəcəkdik. Alınmadı. Artıq diqqətimizi qarşıdakı oyunlara ayıracağıq. “Sabah”ı təbrik edirəm, layiqli qələbə qazandılar.
  • Erkən qol arxayınlıq yaratmadı ki?
  • Deməzdim ki, arxayınlaşdıq. Sadəcə, öz səhvlərimizdən uduzduq. Bundan nəticə çıxaracağıq.
  • “Sabah” sizə qarşı həmişə çətinlik çəkirdi və indiyə qədər bu rəqibdən qol belə buraxmamışdız. Bu gün nə baş verdi?
  • Mən öz adımıza danışa bilərəm. Bu gün çox zəif oynadıq. Rəqibin qələbəsinə heç bir şübhəmiz yoxdu. Layiq olduqları qalibiyyəti əldə etdilər. Sadəcə, özümüz də onların işini asanlaşdırdıq. Erkən qol vurmuşduq, rahat qələbə əldə edə bilərdik, ancaq əksinə oldu.
  • Baş məşqçiniz Aftandil Hacıyev dedi ki, bizi vaxtından əvvəl avrokuboka göndərənlər var və bununla sanki onu bildirmək istədi ki, belə fikirlər komandada arxayınlıq yaradır. Sən necə düşünürsən?
  • Komanda yığılanda heç kim indi 3-cü yerdə olacağımızı düşünmürdü. Hamı orta sıralarda yer alacağımızı gözləyirdi. Fikirləşirdilər ki, 6, ya da 7-ci yerdə olacağıq. İndi 3-cü yerdəyik, avrokuboka getmək imkanımız var və çalışırıq bu şansdan istifadə edək. Baş məşqçimiz daha yaxşı bilir. Ola bilər ki, nələrdəsə özümüzü “yandırırıq”.