Qurban Qurbanovun aldatdığı futbolçular

Rəşad Ergün

Hər şey bir yana, “Qarabağ” dünən “Molde” ilə sistem, taktika olaraq son illərdə ən az qüsuru olan oyunlarından birini keçirdi. Qurban Qurbanovun oyuna müdaxilələri də zamanlama olaraq yerində idi. Rəqibin “avtobus” müdafiəsinə qarşı bundan yaxşı oynamaq mümkün idimi? Başqa cür necə oynamaq olardı? Hava topları ilə? Bu, “Qarabağ”ın tərzi deyil və ucaboy norveçlilərlə görüşdə heç mümkün də deyildi. Qurban Qurbanov dünən qol vurmaq, rəqibin müdafiəsini yarmaq üçün az qala mümkün olan hər şeyi sınadı. Amma…

Avropa meydanları azərbaycanlı futbolçuların yeri deyil. Mahiri olsun, Qarası, İsmayılı, Bədavisi, Elvini olsun, müəyyən bir hədd var, ordan o tərəfə bu uşaqlarlıq deyil axı. Azərbaycan millisinin vaxtaşırı rüsvay olmasının günahkarı təkcə AFFA, baş məşqçilər deyil ki, bu oğlanların da “əməy”i var.

Hücumçu? Beynəlxalq aləmdə korrupsiyalaşmış, insan azadlıqlarına itə qoyulan hörmətin qoyulmadığı ölkə kimi ad çıxaran, milli çempionatı məhəllə çempionatı səviyyəsində olan Azərbaycana İspaniyadan, Portuqaliyadan, Fransadan, Haitidən buraxın da futbolçu, turist gəlsə, ona da sevinin. Bir düşünün, siz özünə hörmət edən futbolçusuz və Azərbaycandan təklif almısız. Girib “google”-da axtarış verirsiz, görürsüz ki, 7-8 il əvvəl bunların Premyer Liqasında 14 komanda olub. Sonra yenə axtarırsız, bu dəfə 5-6 il əvvəl çempionatda 10 komanda olduğunu görürsüz. Lənət şeytana, bir daha axtarış verirsiz. Bu dəfə gözləriniz kəllənizə çıxır: Premyer Liqada cəmi 8 komanda var. Özünə hörməti olan futbolçu yavaş-yavaş “aradan çıxan” bu çempionata niyə gəlsin? Hə, Qurban Qurbanov Matiç, Ovusu, Medina, Andrade kimi futbolçuları necə inandırıb, necə aldadıb bura gətirib, o da bir sual, mövzudur. Narahat olmayın, Qurbanov gec-tez bir hücumçu da tapacaq, aldadıb Azərbaycana gətirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button