Qurban Qurbanovu narahat edən məqam

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Komanda.az xəbər verir ki, Qurbanov, “CBC Sport”a açıqlamasında hazırlığı dəyərləndirib:

“Bu gün komandadan, futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam. İnanıram ki, bu müddət ərzində qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onları daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq”.

Baş məşqçi transfer məsələsinə də toxunub:

“İş daim gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabları söyləyirik. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa, deyirik ki, olmaq ehtimalı çoxdur. Həqiqətən, elə hal oldu ki, transfer alınmalı idi və son dəqiqələrdə problem çıxdı. Amma axtarışlarımız davam edir. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdə oyunçuların sayını çoxaltmaq istəyirik”.

“Qarabağ” Avstriyadakı yoxlama matçlarında Rumıniyanın “Botoşani” komandasını 4:0 hesabı ilə məğlub edib, bu ölkənin digər təmsilçisi olan “Universitatya Krayova” ilə bərabərə qalıb – 1:1. “Köhlən atlar” Almaniyanın “Holştayn Kiel” komandası ilə görüşdə də heç-heçəyə razılaşıb – 2:2.

“Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin