Qarabağı qaytaraq, Qurbanovu göndərək

Vüqar Məmmədov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Hatayspor”un təklifini geri çevirib. Bunu düzgün addım saymaq olarmı?

Yəqin ki, Qurbanova bu təklifdən başqa, digər klublar tərəfindən təkliflər olub. Çünki ola bilməz ki, ölkəsində və Avropada kifayət qədər uğurlu olan bir məşqçini istəyən olmasın. Bu, mümkün deyil.

İnsan doğulandan ölənədək inkişaf etməlidir. Yəqin ki, insanın yaradılış məqsədi də budur. Lakin bəzən sənin müəyyən bir sahə üzrə inkişafın üçün şərait də olmalıdır. Mövcud şərait sənin inkişafını ləngidirsə, yerini dəyişib daha inkişaf etməli olmağına şərait yaradacaq yerə getməlisən. Bu, futbolda da belədir.

Futbolla maraqlanan əksər adamlar bilir ki, futbolçunun da, məşqçinin də potensialı öz ölkəsinin yaratdığı imkanları aşırsa, inkişaf etmək üçün daha güclü cempionatı seçməli, daha güclü komandaya keçməlidir. Bu normaldır və bütün dünyanın peşəkarları eyni addımı atır.

Bu gün Qurban Qurbanovun potensialı ölkə çempionatından yuxarıdır. Qurduğu komanda son yeddi ilin çempionudur və son illər cədvəldə rəqiblərini böyük fərqlə qabaqlayır. Belə olan olan təqdirdə, ona inkişaf etməsi üçün daha güclü çempionatda özünü sınaması lazımdır. Bu, Türkiyə də ola bilər, Rusiya da ola bilər, istənilən digər, bizim çempionatdan güclü olan Avropa ölkəsi də.

Təbii ki, bu, həm də riskdir. Heç də bütün məşqçilər sıçrayış edəndə uğurlu alınmır. Lakin Qurban Qurbanovun xarakterini təhlil etdikdə, onun liderlik keyfiyyətlərini, biliyini, təcrübəsini, iradəsini nəzərə aldıqda, xaricdə uğurlu olmaq ehtimalının çox olması nəticəsinə gələrik.

Bəs niyə Qurban Qurbanov təklifdən imtina edib? Bunun bir çox cavabı ola bilər: maliyyə şərtləri, “Qarabağ” rəhbərliyinin məşqçisini buraxmaması, təklif göndərən klubdakı şəraitin məşqçini qane etməməsi və bir çox başqa səbəblər ola bilər. Diqqət etdizsə, bu sadalananlar hamısı peşəkar yöndədir. Ancaq imtinanın başqa bir səbəbi də ola bilər ki, bunu peşəkarlıq adlandırmaq olmaz.

Şəxsən bir azərbaycanlı kimi mən və mənim kimi düşünən bir çox insanımız ölkəmiz adına Qurbanovun xaricə, indiki halda Türkiyəyə getməsini, orada çalışıb uğur əldə edərək, sonradan daha güclü komandalarda çalışmasını istər. Lakin…

Qurban Qurbanov “Qarabağ”ın məşqçisidir. “Qarabağ” adı üçün əlavə izaha yəqin ki, ehtiyac yoxdur. Hər dəfə bu komanda çempion olub Avropada oynayanda “Qarabağ Azərbaycan” kəlməsi insanların beyninə, şüuruna yeriyir və hər yerdə bu adın və bu adın daşıdığı yerin Azərbaycana məxsus olmasını bildirir, avropalının beyninə oturdur. İnformasiya çox önəmlidir.

Yaxşı, indi gəlin baxaq, Qurban Qurbanov olmasa, “Qarabağ” bu performansı sərgiləyə biləcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Ağdam komandasının sponsoru kifayət qədər maliyyə imkanlarına malikdir, Avropadan bir çox tanınmış və güclü məşqçi dəvət edə bilər. Lakin mentaliteti və bir çox amilləri nəzərə alsaq, həmin məşqçi bizə uyğunlaşıb başarılı ola da bilər, uyğunlaşmayıb başarılı olmaya da bilər. Bu, vaxt itkisidir və bizə siyasi baxımdan heç sərf etmir. Düzdür, deyirlər idmanı siyasətə qatmaq olmaz. Amma məncə, siyasət hər yerdə var.

Mən bilmirəm, Qurbanov qərar verərkən “Qarabağ”ın adını düşünərək, peşəkar deyil, emosional qərar veribmi? Konkret cavab vermək çətindir.

Əlbəttə, Qurbanovun qalmaq qərarı həm də, bir başqa tərəfdən riskdir. Çünki şans həmişə olmur. Bu cür qərar öz inkişafından imtinadır. İnsanın öz fərdi inkişafından imtinası onun özünə zərərdir, bir növ, özünü qurban verməsidir. Amma bu qurbanın kimin, nəyin, haranın uğrunda olduğuna baxmaq lazımdır. Bu, ölkə adına, Qarabağ adınadır. Dəyərmi? Məncə, dəyər.

Bu günlərdə 11 minlik Türkiyə ordusu Azərbaycan ordusu ilə birgə təlimlərə başlayıb. Bu, nələrinsə ölkəmiz adına xeyirli olacağı inamını yaradır. Düzdür, strateji yüksəkliklər əsasən işğalçılardadır. Amma Türkiyə ordusu da quru qoşunlarının gücünə görə Avropada birinci yerdədir. Bu isə çox şey deməkdir.

Ümid edək ki, tezliklə Qarabağ real olaraq bizim ərazimizə çevrilər və Avropada bu torpağın Azərbaycanın olmasını sübut etməyə ehtiyac qalmaz. Belə olan təqdirdə, məşqçilərimiz də emosional qərar verib karyeralarını qurban verməzlər və peşəkar qərar verib, fərdi inkişafları üçün çalışarlar.

Bu gün həm də Qurban bayramıdır. Mən Qurban bayramının mahiyyətini dəqiq deyə bilmərəm, amma bu bayramın tarixinə baxdıqda, belə başa düşülür ki, Yaradan insanın qurban getməsinə razı olmur və onun əvəzinə başqa bir növdən olan canlı qurban verilir.

Qurban bayramınız mübarək!