Qurban Qurbanov: “Yaxşı və layiqli oyun göstərmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Bazel”ə (İsveçrə) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün İsveçrədə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm. Çox istərdik ki, yaxşı və layiqli oyun göstərək. Bu komandaya qarşı oynamaq həm futbolçularımız, həm də mənim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq”.

Qurbanov rəqib komanda barədə fikirlərini də bölüşüb: “Bazel”də Bakıdakı oyunla müqayisədə yaxşı mənada dəyişiklik var. Ola bilər ki, həmin vaxt bir neçə oyunçusu idman formasından uzaq idi. Amma indi onlar da istədikləri səviyyəyə gəlib çatıblar. Bütövlükdə uğurlu bir mövsüm keçirirlər. Baxmayaraq ki, son oyunda xal itirdilər. Oyun planında ciddi dəyişiklik etdiklərini deməzdim, sadəcə, daha sürətli oynamağa başlayıblar. Həm çempionatda, həm də Konfrans Liqasında keçirdikləri oyunları izləmişəm. Geniş heyətləri var. Ciddi rotasiyalara da əl atmırlar. Hər bir oyun bizdə olduğu kimi, rəqib komandalarda da təcrübənin artmasına səbəb olur”.

Qurbanov “Qarabağ”ın avrokuboklardakı səfər oyunlarında daha yaxşı oyun sərgiləməsinə də münasibət bildirib: “Qrupdakı son oyundur. Bu, Bakıda da baş tutsaydı, futbolçulardan ən yaxşı oyunlarını sərgiləməsini tələb edəcəkdim. Bəli, nəticələrə baxanda səfərdə daha yaxşı çıxış etdiyimiz görünür. Amma bu oyunun harada keçirilməsindən asılı olmayaraq, çox istəyirəm ki, futbolçularımı son matçı çox inamlı və yüksək səviyyədə başa çatdırsınlar.

Əlbəttə, sabah yaxşı oyunla yaxşı qələbə əldə etmək, birinci olmaq istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın oyunundan razı qalacağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button