Qurban Qurbanov: “Mənə ən çox verilən sual budur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Bazel”ə (İsveçrə) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Qurbanov, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Çatışmayan sadəcə qol idi. Çox dinamik və sürətli komandaya qarşı oynadıq. Çalışdıq ki, daha çox hücum edən tərəf olaq. İlk hissənin hardasa 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Sonra dəyişiklik etdik və rəqibə imkan vermədik ki, istədiyi oyunu göstərsin. Həqiqətən, göründü ki, bu, tam başqa bir turnirdir. Qarşıda daha yaxşı olacağıq. Biz buna borcluyuq. Uğur əldə etmək istəyiriksə, daha çox çalışmalı, əziyyət çəkməliyik. Çox istəkli idik.
  • Sadəcə iki əvəzetmədən istifadə etməyiniz nə ilə bağlı idi?
  • Düzü, komandamda yorğunluq hiss etmədim. Buna görə dəyişiklik etmədim. Son dəqiqələrdə daha çox topa sahib olduq, qol imkanlarımız var idi. Düşünürəm ki, futbolçularım sona qədər tempi qoruya bildi. Oyun məni qane etdi. Futbolçularım çox yaxşı anlaşırdılar. 90 dəqiqə yaxşı mübarizə apara bildilər. Onların fiziki durumlarından razı qaldım.
  • Qol üçün nə çatmadı?
  • Qol vurmaq üçün çox istəkli idik. Desəm ki, nəsə çatışmadı, düz olmaz. Belə hallar olur. Düşünülmüş hücumlar edirdik. Konkret deyə bilməyəcəm ki, qol üçün nə çatmadı.
  • Qol vurmaq üçün hücumçu çatışmır. Yeni transfer haqda düşünürsüzmü?
  • Mənə ən çox verilən sual budur. Rəqiblər ən çox hücumçulara qarşı diqqətli olurlar. Bu rəqiblər bizim “Neftçi” ilə oyunumuzu izləyib və ciddi təhlil ediblər. Mən heç vaxt hücumçudan “təkcə qol vurmalısan” deyə bir şey istəməmişəm. Hərənin bir funksiyası var. Müdafiə olunan komanda rəqib hücumçuya boşluq vermir. Hazırda transfer haqda düşünmürəm. Azı dekabra qədər gözləyəcəyik. Hər mövqeyə azı iki oyunçu götürmək istəyirik. Hazırda komandamda olan hər futbolçudan razıyam.
  • Qrupun ən güclü komandasına qarşı oynadız. Kifayət qədər qol imkanınız var idi. Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiz?
  • Hər turnirdə maksimum nəticə istəyirik. Bütün oyunlara var gücümüzlə hazırlaşırıq. İnanın ki, futbol bizim kimi ölkələrdə həddindən artıq inkişaf edib. Son vaxtlarda güclü və zəif komandalar arasında çox fərq qalmayıb. Hər kəs bir-birini məğlub edə bilər. Qrupdakı komandalar arasında böyük fərq yoxdur. Hər birimiz qarşımıza məqsəd qoymuşuq ki, şanslarımızdan maksimum istifadə edək. Çalışacağıq ki, sona kimi mübarizə aparıb, ən yaxşısını edək. Komandama inanıram.
  • Qaspar Panadero nə üçün meydana çıxmadı?
  • Romero yüngül zədələndi. Belə oyunlarda təcrübəli futbolçuların meydanda olması vacibdir. Qaspar hələ öz idman formasından çox uzaqdır. Yavaş-yavaş öz formasını bərpa etməyə başlayıb. Buna görə Marko Veşoviçi oynatdıq. Daha əvvəl də vinger kimi çıxış edib. Bacarıqlı və universal futbolçudur.
  • 2017-ci ildən bu yana götürsək, bu komandanı əvvəlkilərə nisbətən ən yaxşı hesab edirsiz?
  • Hər komanda fərqlidir. Hər dönəmin öz çətinlikləri olur. Bu gün ola bilər ki, ustalıq səviyyəsi bir neçə futbolçuda aşağı olsun. Amma komanda olaraq dinamikik. Son illərdə kollektivdə böyük dəyişikliklər olur. Daha yaxşı nəticələr əldə edə bilərik. İstəməzdim ki, hansısa bir ilin futbolçularını xüsusi fərqləndirim. Hər biri çalışıb ki, klubun uğurları üçün daha yaxşısını etsin.
  • Ramil Şeydayevin epizodunda nə hisslər keçirdiz?
  • Siz nə hiss keçirdizsə, mən də eləcə. Ramilə görə daha çox heyfsləndim. Bu qol onu özünə daha inamlı edə bilərdi. Bu epizod ona daha güvən verəcək. Qol vursaydı, bəlkə, komanda üçün yox, onun üçün daha çox sevinərdim. Mənim üçün çox vacibdir ki, futbolçu olduğu kluba hörmət etsin.
  • Gələcək oyunlar üçün hansısa taktiki dəyişikliklər ağlınıza gəldimi?
  • Kənardan baxanda bəzi taktiki dəyişikliklər hiss olunmur. Mənim prinsipim odur ki, bildiyimizi və bacardığımızı daha da inkişaf etdirək. Öz oyunumuzdan əl çəkməyəcəyik. Bəzi kiçik dəyişiklər olsa da, öz oyun üslubumuzda qalacağıq.

Şahin Cəfərov