Qurban Qurbanov: “O qola görə biz daha diqqətli olacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşacaqları cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov jurnalistlərlə görüşdə bunları deyib:

  • Vacib oyuna çıxırıq. Diqqətli olmalıyıq. Rəqib komandada məşqçi dəyişikliyi olub. Futbolçularım meydanda çox düşünməlidi. Onları bacardığımız qədər məlumatlandırmışıq. İstəyirik ki, azarkeşləri sevindirək.
  • Kipr mətbuatında APOEL-də baş məşqçi dəyişikliyinin sizi narahat etdiyi yazılırdı. Bununla razısızmı?
  • Bəli, narahatlığımız var. Baş məşqçi dəyişikliyi hər zaman narahatlıq yaradır. Çünki əvvəlki baş məşqçi ilə onların oyununu bilirdik, buna görə hazırlaşırdıq. İndi isə fərqlidi. Çalışırıq futbolçuları buna hazırlayaq. Bizim üçün problem ola bilər.
  • Riçard Almeyda ilk oyunda canlı səddin arxasına uzanmışdı. Bu, qaydalar çərçivəsindədimi?
  • Son dövrlər belə hallara çox rast gəlinir. Normal qarşılayıram bunu. Hər bir futbolçumuz qol buraxmamaq üçün əlindən gələn hər köməyi etməlidi.
  • Düşünürəm ki, yeni gələn məşqçi mərhələ adlamaq məsuliyyətini öz üzərinə götürür…
  • Baş məşqçi məsuliyyəti hər oyun olur. Hər halda bütün nəticələr ilk növbədə məşqçidən soruşulur. Bizim komandada mənim də üzərimdə məsuliyyət var. Bir həftə əvvəl tam fərqli rəqibə qarşı hazırlaşırdıq, indi isə fərqli. Məsuliyyət bəlkə də bizim üçün daha böyükdü. Düşünmürəm ki, onlar yeni baş məşqçidən mütləq şəkildə mərhələ adlamağı tələb etsin.
  • Komandanın fiziki hazırlığı nə yerdədi?
  • Zədəlilər var. Bədavi hələ komandaya qoşulmayıb. Digər futbolçular normaldı. Bu gün onlar daha yaxşı vəziyyətdədi.
  • APOEL-lə oyunda hansı dəyişiklik gözləyirsiz? Sistem, yoxsa əhval-ruhiyyə?
  • Hər ikisi olacaq. Ola bilsin sistem dəyişikliyi olsun. Necə oynayacaqlarını bilmirik. Biz o qədər dərinə getməli deyilik. Öz oyunumuzu sərgiləməliyik. Digər nüanslara gəldikdə, sabah daha çox düşünməliyik.
  • İlk oyunda son dəqiqədə vurulan qol olmasaydı, yenə oyuna belə hazırlaşacaqdız?
  • Hesabın fərqi yoxdu. Belə oyunlarda komandalar sona qədər döyüşür. İstərdik ki, 2:0 olsun. Buraxılan qol, bəzən komandanın xeyrinə olur, bəzən də əksinə. Bəlkə də, buraxılan qoldan sonra biz daha da diqqətli olacağıq.
  • Heyətdə dəyişiklik gözlənilirmi?
  • Səhər yenə məşqimiz olacaq. Onda qərar veriləcək.
  • Maqaye Qeye sabah start heyətdə olacaqmı?
  • Düşünürəm ki, yox. Hələ tam hazır deyil. Yaxşılığa doğru gedir. Meydana çıxmaq ehtimalı böyükdü.
  • Mahir Emrelinin mümkün transferi ilə bağlı danışmısızmı?
  • Daim futbolçularla danışırıq. Eləsi var 2 ilə böyüyür, eləsi var 5 ilə. Futbolçu bir oyun yaxşı oynayanda daha çox diqqət çəkir. Futbolçunun ilk düşüncəsi o olmalıdı ki, cavab oyununda da daha yaxşı oynasın. Mahir də getdikcə böyüməyə başlayır, daha təcrübəli olmalıdı. İnsan nəfsi fərqlidi. İnanıram ki, sabah daha yaxşı olacaq.

Şahin Cəfərov