Qurban Qurbanov: “Minimum vəzifənin öhdəsindən gəldik”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya “Linfild”i ilə qarşılaşdıqları cavab oyunundan (2:1, ilk oyun 2:3) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı jurnalistlərlə görüşdə bunları deyib:

  • Bu gün azarkeşlərimiz stadionda möhtəşəm idi, yenə komandanın yanında oldular. Onlar daha yaxşı qələbələrə layiqdirlər. Qalib gəldik. Bütün Avropa oyunlarını götürsək, ən çox epizod yaratdığımız matç oldu. Bunu ediriksə, deməli, tez bir zamanda daha da yaxşı olacağıq. Futbolçular öz üzərlərində daha çox çalışmalıdırlar. İndi püşkü gözləməliyik. Bu gün gördük ki, zəif rəqib yoxdur. Təzyiqlər var idi, istər-istəməz tək idik. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik.
  • Bu oyunun əhəmiyyəti sizin üçün nə idi?
  • Hər oyun əhəmiyyətlidir. Bütün oyunlar mənim üçün vacib idi. Komandanın baş məşqçisi mənəmsə, daim futbolçularımı qələbəyə kökləməliyəm.
  • Xayme Romero bu gün oyun qurucusu kimi oynadı, ümidlərinizi doğrultdumu?
  • Bu gün hücumda daha sürətli olmaq üçün ona ehtiyacım var idi. Sona kimi yaxşı oynadı, bəzən müdafiədə axsaqlıq olurdu. Ümumən götürsək, layiqincə mübarizə apardı.
  • 6-cı dəfə qrup mərhələsinə yüksəldiz. İlk uğurunuzu xatırlayırsızmı? İndi hansı hissləri keçirirsiz?
  • Çox yaxşı xatırlayıram. İndi daha təcrübəliyəm. Bugünkü məsuliyyət daha çox idi, nəinki ilk dəfədə. Nə qədər məsuliyyət varsa, o qədər də həyəcan var idi. Sevincliyəm. Bir turnirə yaxşı hazırlaşanda, əziyyət çəkəndə, bəhrəsini gördüyün zaman sevincli olursan. Bu gün daha təcrübəliyəm.
  • Transfer olacaqmı?
  • Bu dəqiqə nə “Real”, nə “Barselona” istədiyi futbolçunu ala bilmir. İndi daha çox, oyunda yaxşı düşünməyi bacaran, oyunu idarə edən futbolçu axtarırıq. Bütün keyfiyyətlərin cəmləşdiyi futbolçu istəyirik. Yenə axtarışdayıq. Bir neçə futbolçu ilə danışıqlar aparırıq.
  • “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunlarını harda oynayacaq?
  • Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərə daha rahatdı. Komandaların öyrəşdiyi stadionlar olur. Biz Bakı Olimpiya Stadionu ilə “Tofiq Bəhramov”u bir tuta bilmərik. Bəzi nüanslar var, onlarla razılaşmalıyıq. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.
  • Dünən David Hili qeyd etdi ki, 1 milyonu olsa, Riçard Almeyda, Abdullah Zubir və Rahil Məmmədovu alardı. Sizcə, 1 milyon az məbləğ deyil bu oyunçular üçün?
  • Futbolçularım haqda belə sözlər eşitmək xoşdu.
  • Avropa Liqasının qrupunda minimum hədəf nə olacaq?
  • Püşkdən sonra biləcəyik.
  • Komandanın qrup mərhələsində daha yaxşı olmaq imkanı varmı?
  • Futbolçularımda bu potensial var. Futbolçularla fərdi məşğul oluruq. İnanıram ki, daha yaxşı olacağıq. Avropa Liqasının qrupu tam fərqlidir. Bu, futbolçuları daha sürətli, yaxşı oynamağa məcbur edir.
  • Daxili çempionatdakı uğursuzluq, “Qarabağ”a gələcəkdə necə təsir edəcək?
  • Daxili çempionat haqda fikir bildirmək istəmirəm. Klublarda əksər məşqçilər gəncdir. İstərdik ki, daha imkanlı klublarımız olsun, daha yaxşı çempionatımız olsun. Belə olsaydı, hamımız üçün yaxşı olardı.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button