Qriqorçuku qucaqlayan Əhmədov

Məmməd Mirzə email: mm_mirze@gmail.com

Təxminən bir ilin, bəlkə də bir qədər əvvəlki dövrün söhbətidi. Azərbaycanın keçmiş futbolçularından biri mətbuata müsahibəsində təxminən aşağıdakı kimi fikirlər səsləndirmişdi: “Gözləyirəm, futbola aid olmayan adamlar futboldan çəkilsin, sonra mən futbola gələcəyəm”.

Adama deyərlər, futbola aid olan adam kimi neynəmisiz? Uduzmadığınız hesab növü qalmayıb. Yığmada, avrokuboklarda hər cür hesabla uduzmusuz. Futbolda qalsaz, nə edəcəksiz? Özünüz kimi məğlublar yetişdirəcəksiz də. Heç olmasa, durun kənarda, bəlkə “futbola aid olmayanlar” dediyiniz kəslər nələrsə etdi. Əslində, “futbola aid olmayan” kəlməsi düzgün deyil. Şəxs futbolun içindədirsə, onun bu idman növünə hansısa bağlılığı varsa, deməli, elə futbol adamıdı. Sadəcə, vaxtı ilə sizin kimilərin futbolun başına açdığı oyunlardan iyrənərək, kənarda durublar. İndi isə kənarda durmaq sizin növbənizdi.
                                                                                                           * * *
Bu yaxınlarda 17-18 yaşında, vaxtilə futbol oynayan bir yeniyetmə ilə rastlaşdım. Uşaq vaxtı ölkə çempionatının aşağı yaş qrupunda oynayıb. İndi isə maşın sexində atasına kömək edir. Bir xeyli atası ilə də, özü ilə də söhbətim oldu. Deməli, əvvəlki məşqçiləri gürcü olub və uşaq haqqında böyük perspektiv vəd edib. Nə isə, günlərin birində həmin mütəxəssisin rəhbərliklə mübahisəsi düşür və klubdan ayrılmalı olur. Gedərkən uşağın atasına zəng vurur ki, mən getdim, amma sən onu futboldan ayırma, qoy oynasın. Əslində, bu zəngdə uşağın gələcək taleyindən bir nigarançılıq olub. Görünür, məşqçi nigarançılığında da haqlı imiş. Sonra gələn məşqçilərdən biri hansısa şəxsi prinsipə görə onu komandadan kənarlaşdırır. Uşaq depresiyaya düşür, xeyli çəki itirir, günlərin birində də başlayır atasının yanında, maşın sexində işləməyə.

Uşaqdan soruşuram ki, oynamaq istəyirsən? Deyir yox, futbolda o qədər iyrəncliklər görmüşəm ki, daha oynamaq istəmirəm. Mən də dedim ki, bunda futbol günahkar deyil, iyrəncliyi edən onun içinə soxulan parazitlərdi, ona görə futbol sənə iyrənc görünür. Yaxşı adamlar kənara çəkildikcə, belə parazitlər daha da çoxalırlar.

Bəli, yaxşı adamlar bu eybəcərlikləri görüb, kənara çəkilməməlidirlər. Parazitlərə qarşı mübarizə aparıb, onların ayaqlarını futboldan kəsməliyik.

Futbolumuz dezinfeksiya olunmalıdı. Bizim də messilərimiz ronaldolarımız, modriçlərimiz ola bilərdi, amma onlar maşın sexində köməkçi, hansısa şirkətdə qarovulçudur, kimin üçünsə günəmuzd fəhləlikdə və buna bənzər yerlərdədilər.
                                                                                                           * * *
Ötən mövsümün sonları idi. “Neftçi” ilə “Keşlə” oynayırdı. Meydanda Vaqif Cavadovla Ruslan Abışov mübahisə edirdi. “Neftçi”nin o zamankı baş məşqçisi Tərlan Əhmədov bu mübahisəyə təsir göstərmişdi və hərəkətini belə izah etmişdi: “İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur”. Belə çıxır ki, iki əcnəbinin bir-biri ilə dalaşmasının sənin üçün fərqi yoxdu? Bu nədi? Rasizmdi, faşizimdi, yoxsa nasizimdi, nədi, bilmirəm. Sadəcə, belə bir zehniyyət o zaman ölkənin aparıcı komandasına rəhbərlıik edirdi. Hələ Əhmədov belə bir cümlə də işlətmişdi ki, biz xristian deyilik söyüş söyək. Belə çıxır ki, xristianlar söyüş söyürlər? Bu da sənin üçün fərqli dinə, mədəniyyətə “hörmət”. Hələ bundan sonra, növbəti oyunda – “Qəbələ” ilə matç başa çatdıqdan sonra Roman Qriqorçuku qucaqlamışdı. Bu yerdə Məşədi İbadın Həsənqulu bəyə dediyi sözlər yada düşür: “Mənə meymun deməyin azlıq edir, indi də mənimlə görüşürsən?”

Bu yaxınlarda “Keşlə”nin baş məşqçisi kimi Kamran Ağayevin yığmaya getməməsini müdafiə edən Tərlan Əhmədov deyir ki, “milli bir Kamranın ümidinə qalıb? Satmaq necə olur? Heç vaxt bunu etməmişəm. Onu işlədənlərdən soruşmaq lazımdır ki, sübuta yetirsinlər. Onun keçmişini araşdırmaq lazımdır”.

Qurban Qurbanovdan bu barədə soruşanda dedi ki, həmin dövrdə futbol oynamışam. Bu cümlənin açması o deməkdi ki, hamını yaxşı tanıyıram, oyun satanı da alanı da. Yəni, çox da şey eləmə.