“Qol epizodumuz olmasaydı, məni narahat edərdi” – Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis qolsuz bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Qapanan rəqibə qarşı oynadıq. Cinahlardan hücumlar təşkil etməyə çalışırdıq. “Səbail” isə əks-hücumdan bir neçə qol vəziyyəti yaratdı. Bizim də çoxlu sayda epizodumuz oldu. Onlardan ən azı birini reallaşdırmağa layiq idik. Bu gün Rauf Əliyevin işi çox çətin idi. Rəqib üç müdafiəçi ilə çıxış edirdi və onu bağlayırdılar. Keçən oyunda çoxlu qol imkanımız vardı, bunlardan 4-nü reallaşdırdıq. Bu gün də çoxlu qol epizodumuz oldu. Olmasaydı, məni narahat edərdi. Sadəcə, bu gün istifadə edə bilmədik. Biz təbii örtüklü meydana öyrəşmişik. Süni qazon fərqlidi. Bunu səbəb kimi göstərmirəm. Komandamız yaxşı oyun göstərdi. Yaxşı imkanlarımız oldu. Bu gün yalnız qol çatışmadı. Komanda hər şey etdi. Çatışmazlıqları görmək üçün oyunumuzu daha dərindən analiz edəcəyəm. Vəziyyəti düzgün qiymətləndirmək lazımdı. Qol epizodlarını reallaşdıra bilmədiyimiz üçün üzülürəm. Amma yaxşı oynadığımızı da düşünürəm”.