“Qol buraxmamağımız bizi sevindirdi” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar.

Bu oyunda hesab açılmasa da, azarkeşlər maraqlı futbolun şahidi oldular. Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik”.

Onun sözlərinə görə, ilk hissədə yaxşı qol epizodları yaxalayıblar: “Sadəcə, oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticədir”.

Hacıyev ilk hissədə zədələnərək əvəzlənən Rəşad Əzizlinin durumuna da toxunub: “Ayağında ağrılar var idi. Məcburi əvəzetmə etdik. Bakıya qayıtdıqdan sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verə biləcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button