Qardaşı açıqladı: “O, “Yuventus”da xoşbəxt deyil”

Son zamanlar “Yuventus”dakı gələcəyi müzakirə olunan Paulo Dibala ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qardaşı Qustavo Dibala, 25 yaşlı futbolçunun “qoca sinyora”dan ayrılacağını deyib:

“Paulonun “Yuventus”dan ayrılmaq ehtimalı çox yüksəkdir. Onun dəyişikliyə ehtiyacı var. Hansı kluba keçəcəyini deyə bilmərəm, amma o, “Yuventus”da xoşbəxt deyil. Təkcə Paulo deyil, bir çox futbolçu komandada bəzi şeylərdən narahatdır. Bu yay ordan ayrılan yeganə futbolçu Dibala olmayacaq”.

Paulonun Kriştiano Ronaldo ilə münasibətləri haqqında da danışan Qustavo, onların arasında problem olmadığını deyib:

“Kriştiano mükəmməl bir insandır və Paulo ilə aralarında heç bir problem yoxdur. Əksinə, çox yaxşı münasibətləri var”.

Turin təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan argentinalı futbolçu, bu mövsüm iştirak etdiyi 40 matçda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.