“Qarabağ”lı futbolçunun atasının “təlxək” adlandırdığı Prosineçkidən CAVAB

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı fikirlərinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis, “Federal TV”-yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki, “Qarabağ”ın şərəfini qoruyan 32 yaşlı qapıçını milliyə dəvət etməməsinin səbəbini belə izah edib:

“Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi. İndi o, çox yaxşı çıxış edir, biz bundan məmnunuq. Hər kəsin fikirləri var. Amir Beqoviç də ittiham etmək haqqına sahibdir. Amma mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik”.

Asmir Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milli komandaya dəvət almışdı və ehtiyatda qalmışdı.

Asmir Beqoviçin atası isə vaxtilə Azərbaycan millisinin “sükanı arxasında” olmuş Prosineçkini təlxək adlandırıb: “Asmirin milli komandaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bu təlxək sadəcə, bir alətdir”. 

Bosniya və Herseqovina millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, noyabrın 15-də İtaliyanı qəbul edəcək, üç gün sonra isə Lixtenşteynin qonağı olacaq. Milli komanda hazırda J qrupunda 10 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button