“Azərbaycanda legionerlər üçün məhdudiyyətlər var” – Slavçev

“Qarabağ”la yollarını ayıran Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib.

Komanda.az “topsport.bg” saytına istinadən xəbər verir ki, Slavçev “Levski”yə keçəcəyi iddiaları haqda da danışıb:

“Fakt budur ki, biz “Qarabağ”la qarşılıqlı razılaşaraq yolları ayırmışıq. Azərbaycanda legionerlər üçün məhdudiyyətlər var. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdır. Komanda artıq sadəcə yerli çempionatda mübarizə aparır və oynamaq şansım aşağı düşmüşdü. İndi gələcəyə baxıram və yaxın zamanda qərar verəcəm.

“Levski” haqda şərh vermək istəmirəm. Karyeramı harada davam etdirəcəyimi düşünürəm. Təklif var, ancaq hələ tam bir qərar verməmişəm. Bolqarıstanda forma geyinmək də seçimlərimdən biridir.

Hələ rəsmi təklif almamışam. Bolqarıstanda müəyyən klublarla danışıqlar apardım. Ancaq bunların adlarını çəkməyin düzgün olmadığını düşünürəm”.

2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyan və hazırda azad agent olan Slavçevin adı “Levski” ilə hallanır.