“Qarabağ”la matçdan sonra çempionatda oynamaq çətin idi”

“Makkabi”nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis İsrail çempionatının 5-ci turunda doğma meydanda “Hapoel”ə (Beer-Şeva) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Yunanıstandan olan mütəxəssis qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra keçirilən mətbuat konfransında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu da yada salıb:

“Oyuna pis başladıq. Sonradan vəziyyəti dəyişməyə çalışsaq da, bizdə heç nə alınmadı. Yerli çempionatda yaxşı təşkilatlanmış komandalara qarşı matçlarda qol epizodları yaratmaqda çətinlik çəkirik. Bu tərəfimizi inkişaf etdirməliyik.

Hər oyun bizim üçün vacibdir. Komandamın çıxışından razı qalmasam da, futbolçularıma inanıram. Daha çox işləməliyik. Bilirəm, “Qarabağ”la avrokubok matçından sonra çempionatda oynamaq çətin idi. Amma rəqib də bizimlə eyni vəziyyətdə idi. İntensivliyimizi artırmalıyıq”.

Qeyd edək ki, Avropa Liqasının İ qrupunun ilk turunda “Makkabi” evdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.