“Qarabağ”ın satışa çıxarılan səhmlərinin real dəyəri nə qədərdir? – Klub rəsmisindən açıqlama

İyunun 29-da “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb. Söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunur.

Maraqlıdır, Adil Nadirovun “Qarabağ”da təsisçi payı neçə faiz olub? Beş min manatdan da az olan təsisçi payının 300 minə təklif olunması realdırmı?

Komanda.az məsələylə bağlı “Qarabağ” tərəfinin münasibətini öyrənib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə belə deyib:

“Əvvəla, Adil müəllimə Allahdan rəhmət diləyirəm. “Qarabağ”ın ayaqda qalması üçün əziyyəti çox olub. Klubumuzun bu yerlərə gəlməsində şübhəsiz ki, Adil bəyin də çox böyük payı var. Ən çətin vəziyyətində “Qarabağ”ı sahiblənib. “Qarabağ”ın səhmlərinin satışa çıxarılması müzakirə olunur. Təəssüf ki, heç kim Sənan bəyə düşən payın neçə faiz olduğunu soruşmur. Heç kim də məhz bu məsələni müzakirə etmir. Sizə təşəkkür edirəm ki, bu məsələni gündəmə gətirirsiz. Nəzərinizə çatdırım ki, Adil bəyin səhmləri iki qardaş arasında bölünüb. Adil bəyin səhmi isə 0,01 faiz idi. Bu hissə də iki yerə bölünüb. Yəni, Sənan bəyin payı burda 0.005-di. İndi siz özünüz təsəvvür edin ki, bu səhmlərin real dəyəri nə qədərdi? Bəli, bildiyim qədəri ilə bizə də səhmlərin alınması təklif olunub. Amma real qiymət məsələsi var. Gəlin, etiraf edək ki, bu gün “Qarabağ” Futbol Klubu “Azərsun Holdinq”in hesabına ayaqda qalır. Düzdür, klubumuz avrokuboklarda iştirak edir, burda gəlir əldə edir. Amma bu, mənfəət deyil. Yəni qazanc əldə etməyən klubun səhmlərinin Sənan bəyə dediyi qiymətə olması heç də real deyil.

Sənan bəyə uğurlar arzu edirəm. Amma reallığı da nəzərə almaq lazımdır. Adil müəllim “Qarabağ”ı sevən biri olub. “Azersun” rəhbərliyi komandaya başçılıq etməyə başlayanda onun heç bir istəyi olmayıb. “Təki, komanda yaxşı olsun, “Qarabağ” üçün uğurlu olsun” deyə düşünüb. Onun üçün sevdiyi “Qarabağ”ın uğurlu olması hər şeydən üstün idi…”