“Qarabağ”ın rəqibindən hücumçu transferi

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan Liqa 1 klubu konqolu hücumçu Sedrik Bakambunu transfer edib.

Bu barədə Marsel təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 30 yaşlı forvardla 2.5 illik müqavilə imzalanıb. O, yeni komandasında “13” nömrəli formanı geyinəcək.

Konqo yığmasının üzvü olan Bakambu son olaraq Çinin “Beytszin Qoan” klubunun uğurları üçün çalışıb. O, bu komandanın heyətində meydana çıxdığı 87 oyunda 58 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Marsel “Olimpik”i ilə “Qarabağ” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə ayın 24-də Bakıda baş tutacaq.