“Qarabağ”ın rəqibində maliyyə problemi var?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Polşa “Lex”i problemlə üzləşib.

Komanda.az xəbər verir ki, Polşa mətbuatı Poznan təmsilçisi maliyyə problemlərindən əziyyət çəkdiyini iddia edir.

Belə ki, sözügedən klub bir müddətdir danışıq apardığı futbolçuların transferini rəsmiləşdirə bilmir. İddiaya görə, klubun təklifi qarşı tərəfi qane etmədiyindən bir neçə futbolçunun keçidi baş tutmur.

“Lex” Portuqaliyanın “Belenenseş” klubunun hücumameylli yarımmüdafiəçisi Afonso Souza ilə anlaşsa da, oyunçu ilə müqavilə imzalamaq hələ də mümkün olmayıb. Polşa klubu portuqaliyalı futbolçuya 800 min avro təklif edib. Yerli “Vitoriya” (Gimaraynş) isə Souza üçün “Belenenseş”ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib. “Lex”in son olaraq Norveç “Rusenborq”unun mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

Xatırladaq ki, “Lex” “Qarabağ”la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Cavab matçı isə iyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.