“Qarabağ”ın rəqibində daha 2 futbolçu koronavirusa yoluxdu

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq Türkiyənin “Sivasspor” klubunun kollektivi növbəti dəfə koronavirus testi verib.

Komanda.az xəbər verir ki, analiz nümunələri götürülənlərdən daha üç nəfərin COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə koronavirusa yoluxanlardan ikisinin futbolçu, birinin isə texniki heyətin üzvü olduğu diqqətə çatdırılıb. Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar.

Daha öncə koronavirus testi müsbət çıxan bir futbolçu isə artıq sağalıb və onun sonuncu testi neqativ nəticə verib.

Hazırda “Sivasspor”da koronavirus xəstəsi olan 7 futbolçu var.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı məlum səbəblərdən noyabrın 26-da Türkiyədə, İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.