“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

Futbol üzrə İsrail çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Hayfa “Makkabi”si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb – 2:2.

Bu mövsüm ölkə çempionatında qələbəyə həsrət olan “Makkabi” bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də Bakıda baş tutacaq.