“Qarabağ”ın itirdikləri, “qaralanan” Sadıqov, Mədətovun sevinci

“Qarabağ” nəinki “Linfild”lə oyunda, bu mövsüm müsbət nəticə əldə etdiyi hər bir avrokubok matçında uduza bilərdi. Əslində isə APOEL-i çıxmaq şərtiylə, görüşdüyü digər rəqiblər (“Linfild” də daxil) heyət baxımından o qədər zəif idi ki, Ağdam klubu bu komandaları əziyyətlə yox, gülə-gülə keçməli idi. Amma əksi baş verdi.

Xəbərdarlıq siqnalı

İstər “Partizani”, istərsə də “Dandalk”la oyunlarda rəqiblərimizin şansları oldu. Hansı ki, həmin imkanları reallaşdırsaydılar, həlledici ola bilərdi. “Partizani”ylə oyunda hesab 1:0 “Qarabağ”ın xeyrinə olarkən rəqib oyunçunun təkbətəkdən yararlanmamasını xatırlayın. İlk iki oyundakı hadisələr bir növ həyəcan təbili, xəbərdarlıq siqnalı idi. Əvvəl APOEL-lə ev oyununda, indi də “Linfild”lə səfər görüşündə məğlubiyyətlər “köhlən atlar”da “nasazlıqlar”ın olmasını ortaya çıxardı.

Bu “nasazlıqlar”ın “Qarabağ”dan asılı olmayan səbəbləri var, məsələn, çempionatın səviyyəsinin düşməsi və burda “Qarabağ”la rəqabət apara bilən komandaların sayının azalması. Amma elə səbəblər də var ki, sırf klubdan qaynaqlanır. Gəlin bu səbəbləri araşdırmağa çalışaq.

Zədə amili

“Qarabağ”ı zəiflədən səbəblərdən biri zədəli oyunçulardır. Az qala əsas heyətin yarısı zədəlidir. Niyə? Bu qədər zədələnmə varsa, bunun izahını təsadüflə bağlamaq olmaz. Bu cür zədələrin yaranması adətən məşqlərdə verilən qeyri-düzgün yükləmə ilə bağlı olur. Əlbəttə, belə zədələnmələri təsadüfi bəxtsizliklə də əlaqələndirmək olar. Ancaq bu, az inandırıcıdır. Bu qədər zədəli varsa, hansısa yanlışlıq var deməkdir. Hansı? Bunu həmin sahənin mütəxəssisləri izah edə bilər.

Bu futbolçular qalsaydı…

“Qarabağ”ın avrokuboklarda bu cür gözlənilməz, qeyri-sabit oyununun digər, eyni zamanda əsas səbəbi düşünürəm ki, daim yenilənən heyətidir. Baxın, “Qarabağ”da Pedro Enrike adında braziliyalı var idi, Abdullah Zubirin indiki mövqeyində oynayırdı. Sizcə, komandaya bu futbolçulardan hansı daha çox faydalı idi? Məncə, Pedroda taktiki düşüncə də, sürət də, texnika da var idi. Zubirdə isə sürət və topla fərdi oynama bacarığı var, amma zənnimcə, taktiki düşüncə, komanda üçün oynama aşağı səviyyədədir. Belə müqayisələri Donald Gerye ilə Aylton arasında, İbrahim Şehiçlə Vaqner arasında, yaxud Ndlovu ilə Qeye arasında da aparmaq olar. Və hər bir müqayisədə görərik ki, gedənlər gələnləri “döyər”. Yaxşı, bəs niyə bu futbolçular belə asan əldən buraxıldı?

Məsələn, niyə Geryedən imtina edildi? Niyə Riçard Almeyda əldən buraxılmışdı ki, sonra zəifləmiş və psixoloji sarsılmış halda qaytarılsın? Eləcə də Pedro, Şehiç, Ndlovu niyə əldən çıxarıldı? Bu futbolçular qalsaydı, böyük ehtimalla “Qarabağ” Çempionlar Liqasının daimi iştirakçılarından olacaqdı. Ən pis halda Avroliqanın qrupunda oynayıb, burda növbəti mərhələyə çıxan yerləri tuta bilərdi. Deyə bilərsiz ki, bu futbolçular çox pul istəyirdilər. İstəməlidirlər də! Səni Çempionlar Liqasının qrupuna salıb, milyonlar qazandırıb. Zəhmət çək, qazandırdıqları pullardan onlara da ver. Böyümək istəyirsənsə, xərclərini artırmalısan. Təkcə gəliri düşünüb, xərc çəkmədən nəsə əldə etmək mümkün deyil.

Ndlovu qiymətini qaldırmaq istəyirdi? Burda pis nə var? Onun “Kopenhagen”ə səfərdə vurduğu, “Qarabağ”ı Çempionlar Liqasının qrupuna çıxaran qolunu xatırlayın. Bu qol olmasaydı, hesab 2:0 “Kopenhagen”in xeyrinə başa çata bilərdi və qruplara Danimarka klubu gedərdi, bununla da, Çempionlar Liqasının qrupu ilə yanaşı, milyonlarla pul itirilə bilərdi. Siz düşünmürsüz ki, “Qarabağ” Bakıda APOEL-ə 0:2 hesabıyla məğlub olduğu anlarda meydanda hesabı dəyişmək üçün Ndlovu kimi hücumçu çatmırdı? Pedro, Şehiç, əvvəlki Almeyda olsaydı, hesab belə olardımı?

Təkrar edirəm, böyümək istəyirsənsə, xərclərini də artırmalısan. Başqa cür mümkün deyil! Hər halda, futbolçularına milyonlar ödəyən superklublar axmaq deyil.

Rəşad Sadıqovun tənqid edilməsi

APOEL-lə ilk oyunda qəhrəman kimi göstərilən kapitan Rəşad Sadıqov bir həftə sonrakı cavab matçından sonra “yerdən-yerə” vuruldu. Hətta onun son dövrlərdəki səhvlərindən buraxılan qollardan ibarət videokolleksiya da düzəldilib, yayımlandı. Amma bir nüans nəzərə alınmalıdır, qapından qol keçirsə, bu, hansısa futbolçunun səhvi üzündən baş verir. Adətən də səhvi edən iki mərkəz müdafiəçisindən biri olur.

Şəxsən mən düşünürəm ki, bizdə hələ Rəşad səviyyəsində müdafiəçi yoxdur və perspektivdə də demək olar, görünmür. Yalnız Bəhlul Mustafazadənin adını çəkmək olar ki, o da xeyli gəncdir. Milli komanda niyə Slovakiyadan 5, Macarıstandan 3 qol yedi? Bunun əsas səbəblərindən biri həmin oyunlarda Rəşad Sadıqov kimi müdafiəçinin olmaması idi. Ona görə də, düşünürəm ki, Rəşadın tənqidini bir kənara buraxmaq lazımdır. Çünki qeyri-konstruktiv tənqid, tənqid obyektinə mənfi təsir göstərir və onun sabit çıxışını əngəlləyir.

Mədətovun sevincinin əks təsiri       

Mahir Emreli sonuncu dəfə Kiprdəki oyunda fərqlənib. O oyunda ki, həmin matçdan sonra prodüsser olan atası Anar Mədətov Mahirin bu qolunun videosunu sosial şəbəkədə paylaşmışdı. Bununla o, yəqin ki, sevindiyini bildirmək, həm də dəstəyini nümayiş etdirmək istəmişdi. Lakin Anar Mədətovun sevincini nümayiş etdirməsi Mahirin ürəyincədirmi? Mədətov soyadını Emreliyə dəyişməsi və ata adından imtinası göstərir ki, Mahir Anar Mədətovu qəbul etmir. Bu halda Anar Mədətovun Mahiri dəstəkləyən paylaşımı futbolçuda yalnız qıcıq yarada bilər. Psixoanaliz sahəsindən məlumatı olanlar bilir ki, insanda alt şüur və ya şüuraltı deyilən bir hal var. Mən burda özümü ağıllı göstərib bu sahənin bilicisi kimi görünmək istəmirəm. Amma bu sahədən az da olsa məlumatı olanlar bilir ki, insan şüurlu şəkildə bir hərəkət edir, alt süur isə ola bilər ki, bunu istəməsin. Belədə, həmin adam lazım olan nəticəni əldə edə bilmir. Özü də təəccüb edir ki, axı niyə alınmır? Əsl səbəbi isə başa düşmür.

Konkret, Mahir Emreli misalında bu hal belədir ki, Anar Mədətovun paylaşımı və sevincini nümayiş etdirməsi Mahirdə qıcıq doğura bilər. Və şüurlu şəkildə olmasa da, şüuraltı, onun videosunu paylaşan, bununla da sevindiyini nümayiş etdirən Anar Mədətovun sevinməməsi üçün əlindən gələni edə bilər. Çünki indiki halda Mahir üçün Anar Mədətov ailəsinə, anasına pislik etmiş adamdır. İnsan ona pislik edən adamın sevinməsində rol oynamaq istəməz, xüsusi ilə, bizim mentalitetdə. Belə vəziyyətdə Mahir nə edə bilər? Bir növ təyyarəçinin tarana getməsinə bənzəyən işlər görər, Anar Mədətovun sevinməməsi naminə öz karyerasını zədələyən hərəkətlər edə bilər. Məsələn, qol vurmaz, meydanda neqativ işlərlə yadda qalar. Təkrar edirəm, şüurlu yox, şüuraltı şəkildə.

“Linfild”lə matçda Mahir bir qədər nəzərə çarpsa da, APOEL-lə evdəki görüşdə oyun planında ciddi bir şeylə yadda qalmadı və yalnız hansısa kiprli futbolçuya türklərin yunanları incitməsini deməsi barədə söz-söhbəti ortaya çıxdı ki, bu da onun imici üçün yaxşı deyil. Belə hallar isə Anar Mədətov üçün, oğlunu sevirsə, üzücü olar. Bu da şüuraltı şəkildə Mahirin intiqamı ola bilər. Düşünürəm ki, nə demək istədiyimi çatdıra bildim.

Belə vəziyyətdə nə etmək olar? Əlbəttə, biz burda oğlunu evləndirməsini düşünməli  olduğu halda özü yenidən evlənən Anar Mədətovu qınaya bilmərik. Əvvəla, ona görə ki, kimsə sabah öz başına nə gələcəyini bilə bilməz. İkincisi də, biz ailənin daxilində olmamışıq və nələrin baş verdiyini bilmirik. Heç bilməyimiz də lazım deyil. Yalnız prodüsserə onu tövsiyə etmək olar ki, o, həqiqətən oğlunu sevirsə, bu sevgini bir müddət nümayiş etdirməsin. Bir qədər vaxt keçsin, “yaralar” sağalsın. Mahir də cavan oğlandır, qanının qaynayan vaxtıdır, yəqin ki, bəzi şeyləri hələ həzm edə bilmir. Ona görə, çox şeyi zamana buraxmaq lazımdır. Zaman bütün yaraları sağaldır. Bir də, insan öz övladını həqiqətən sevirsə, bunu publika önündə nümayiş etdirməsi vacib deyil. Həqiqətən sevgi varsa, övlad istənilən halda bu sevginin istisini duyacaq və gec-tez həmin istiyə sığınacaq.

Belə… Bəlkə də, yazının Mahirlə əlaqəli hissəsi özəl həyata müdaxilə kimi görünə bilər. Amma başqa cür mümkün deyil. Mahir heç şübhəsiz ki, son dövrlərdə nəzərə çarpan yerli futbolçular arasında ən istedadlılarından biri, bəlkə də birincisidir. Düşünürəm ki, onu qorumasaq, itib-bata bilər. Bu isə heç kimə sərf etməz: nə Azərbaycan futboluna, nə Qurban Qurbanova, nə “Qarabağ”a, nə Mahirin özünə, nə də… yəqin ki, Anar Mədətova.

Vüqar Məmmədov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button