“Qarabağ”ın borcu

Rəşad Ergün

Maqaye Qeyenin çəkisini azaldıb, ayağını yerdən qaldıra biləcəyinə inanaraq komandasına götürən, üç oyunda APOEL-in baş məşqçisi Tomas Dollu çözə bilməyən Qurban Qurbanovda da günah var.

Topu itirib, Kipr komandasına qol vurmağa şərait yaradan Rəşad Sadıqovda da günah var.

Avtomobillə sürət şousu göstərib, bunu utanmadan bir də sosial şəbəkədə paylaşan, nə vaxtsa yaxşı futbolçu olacağına hamının inandığı, amma heç vaxt yaralı barmağa zad etməyən, dünən Kiprdəki oyunda topa tərs vurub, rəqibə künc zərbəsi qazandıran və davamında “Qarabağ”ın qapısında qol görməsinə səbəb olan Araz Abdullayevdə də günah var.

İstedadı, səviyyəsi göz önündə olan, amma 45-ci dəqiqədən sonra süni nəfəsə ehtiyac hiss edən Miçeldə də günah var.

Çox, lap çox danışmaq, səhvləri göz önünə gətirib, günahkarları bir-bir “dar ağacı”ndan asmaq olar. Amma bu heç nəyi dəyişməyəcək. Düzdür, “Qarabağ” üçün Avropa Liqasında “qatar” hələ getməyib, lakin o “qatar”a “Sevilya”dan sonra ikinci bileti APOEL alıb… O “bilet”i dartıb kiprlilərin əlindən almaq da artıq “köhlən atlar”ın yox, “Sevilya”nın, “Düdelanj”ın ayaqlarından asılıdır.

Həyat və həyatın bütün sahələri sadəcə bir nəsnə üzərində qurulub: inkişaf, irəli getmək. “Qarabağ” artıq inkişaf etməli, irəli getməlidir. Hədəf Avropa Liqasının qrup mərhələsi yox, ondan sonrakı mərhələlər, Çempionlar Liqası olmalıdır. “Qarabağ” bunu bütün Azərbaycana borcludur. Eynən, bütün azərbaycanlılar son illərdə futboldan söz düşəndə utanmadıqları üçün “Qarabağ”a borclu olduqları kimi.

Artıq Avropa Liqasının qrup mərhələsi könlünü futbola verən azərbaycanlı üçün çeynəməkdən yorulduğu saqqız kimidir. Hər kəs nə zamansa İspaniya, Hollandiya, Fransa çempionlarını məğlub etmiş, onlardan xal almış “Qarabağ”ı arzulayır. Əslində, hər kəs həmin “Qarabağ”dan daha çoxunu arzulayır – hər dəfə qrup mərhələsində ilişib qalan komandadan daha çoxunu, daha böyüyünü.

“Qarabağ” rəhbərliyi və Qurban Qurbanov anlamalıdır: daha heç kim hər dəfə qrup mərhələsində ilişib qalan komandaya görə “eybi yox, əsas odur bura kimi gəlib çıxmışıq” demir. Adamlar daha çoxunu istəyir. Həyat bundan ibarət deyilmi?

8 komandalı çempionat, özünə hörmət edən əcnəbi futbolçunun Azərbaycana gəlmək istəməməsi və sair və ilaxır – bunlar soyuq başla düşünəndə “Qarabağ”a haqq qazandırmaq üçün səbəblərdir. Amma məyus, üzgün, qəzəbli insanlara hər dəfə bunu anlatmaq, izah etmək o qədər asan deyil. Artıq bu səbəblər də boyatımış yeməklər kimi insanların boğazından keçmir…

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı üçün Azərbaycan futbolu heç tükünü də tərpətməmişdi, dəyişməmişdi. Dəyişən “Qarabağ” özü, Qurban Qurbanov idi. Azərbaycan futbolu yenə dəyişməyəcək, bundan əmin ola bilərsiz. “Qarabağ”, Qurban Qurbanov nələrisə dəyişməlidir – daha böyük hədəflər, uğurlar üçün. Mütləq dəyişməlidir!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button