“Türkiyədə oynayacağımız üçün çox sevincliyik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Vilyarreal”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl Türkiyə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Dağlıq Qarabağdakı hadisələrə görə ev oyununu Türkiyədə keçirəcək Ağdam təmsilçisinin çalışdırıcısı İstanbul hava limanında jurnalistlərə açıqlamasında çox sevincli olduqlarını deyib:

“Qardaş ölkəyə sevə-sevə gəldik. Bizə başqa ölkələrdə başqa stadionlar təklif etdilər, ancaq biz Türkiyədə oynamaq istədiyimizi bildirdik. Bir az israr etdik. Türkiyədə oynayacağımız üçün çox sevincliyik”.

“Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da, İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.