“Qarabağ”ın rəqibində koronavirus şoku

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” klubunun futbolçusu Sofian Çaklada koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mərakeş milli komandasının düşərgəsində olan müdafiəçinin koronavirus testi müsbət çıxıb. Yüngül simptomları olan və özünü yaxşı hiss edən Çakla, virusdan tam sağaldıqdan sonra İspaniyaya qayıdacaq.  

27 yaşlı müdafiəçi bu mövsüm “Vilyarreal”la La Liqada bir oyuna çıxıb.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor” (Türkiyə) ilə mübarizə aparacaq. “Köhlən atlar” ilk turda “Makkabi”nin qonağı olacaq, ikinci matçını isə oktyabrın 29-da evdə “Vilyarreal”a qarşı keçirəcək.