“İkinci yerə layiq olduğumuzu düşünürəm” – APOEL-in futbolçusu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL klubunun futbolçusu Roman Bezyak açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı hücumçu, Avroliqanın qrup mərhələsindəki şanslarını dəyərləndirib:

“Azərbaycanda 2:0 hesabı ilə qalib gəldik və “Ayaks”la iki əla oyun keçirdik – 0:0, 0:2. Əlbəttə, Hollandiya klubunu keçə bilmədik. Amma 5 oyunda 16 qol vuran rəqibdən cəmi iki top buraxdıq. Bu üzdən də, belə nəticəni uğur saya bilərik.

Avropa Liqasında oynamaq bizim üçün reallığa çevrilib. Çempionlar Liqasında həqiqətən birinci dərəcəli futbolçular oynamalıdır. Biz bu səviyyədə deyilik. Buna görə çox üzülmürük. Lakin Avropa Liqasında qrupdan çıxmasaq, məyus olarıq. Çünki ikinci yerə layiq olduğumuzu düşünürəm”.

APOEL Avropa Liqasının A qrupunda “Sevilya”, “Qarabağ” və “Düdelanj”la mübarizə aparır. Qrupda keçirdiyi 2 oyunda da məğlub olan APOEL “Qarabağ”la oktyabrın 24-də, Bakıda qarşılaşacaq.