“Qarabağ” – “Sivasspor” matçında 1 dəqiqəlik sükut

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib. O, Maradonanın ölüm xəbərindən məyus olduğunu söyləyib:

“Dünya futbolunun ən böyük və rəmzi simalarından biri olan Dieqo Maradonanın vəfatı məni çox kədərləndirdi. O, öz dahiliyi və xarizması ilə ecazkar oyunçu kimi əbədiyyata qovuşdu”.

Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib. Dahi futbolçu “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Argentina milli komandasına başçılıq edib.

Qeyd edək ki, sabah İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda “Qarabağ” – “Sivasspor” matçı da keçiriləcək. Bakı vaxtı ilə saat 21:55-də start veriləcək bu oyundan öncə də 1 dəqiqəlik sükut elan olunacaq.