“Qarabağ” kimi komanda ilə oyunda belə hallara hazır olmalısan”

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq Şimali İrlandiyanin “Linfild” klubunun futbolçusu Nayl Kvinn açıqlama verib.

Komanda.az “belfastlive.co.uk” saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi, matçla bağlı bunları deyib:

“Qarabağ”ın texniki qabiliyyəti çox güclüdür. Onlar heç gözləmədiyin halda səni qapının qarşısında sıxışdıra bilərlər. İlk oyunda futbolçularımız 11,5 -12 km məsafə qət etdilər. Bu, böyük göstəricidir. Amma “Qarabağ” kimi komanda ilə oyunda belə hallara hazır olmalısan.

Asan oyun olmayacaq, ancaq futbolun gözəlliyi də elə bundadır. İsti hava amili bizə bir qədər çətinlik yarada bilər. Bununla belə, biz heç kimin gözləmədiyi halda ilk matçda 3:2 hesablı qələbə qazanmışıq. Əks-hücuma yaxşı çıxan və onu tamamlaya biləcək oyunçularımız var. Bizim üçün bu oyun inanılmaz təcrübə olacaq.

Bacardığımızdan artığını edə bilmərik. Amma biz həmişə nəyisə arzulayırıq. Bilirik ki, qələbə komandaya qrupa düşərək, Avropanın nəhəng klubları ilə oynamaq üçün böyük imkan yaradacaq. Hamı bizim şanslarımızın olmadığını deyirdi. Ən gözəli isə üzərimizdə təzyiqlərin olmaması idi. Biz artıq gözləniləndən artığını etmişik”.

“Qarabağ” – “Linfild” matçı bu gün, saat 20:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk oyun Şimali İrlandiya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.