“Mənə belə futbol lazım deyil, qardaş” SORĞU

Həftəsonu Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulacaq. Geridə qalan 6 tur ərzində çempionatın və komandaların hansı səviyyədə olduğu bir daha özünü göstərdi. Keçən mövsüm çempionluq yolunda “Qarabağ”a ciddi müqavimət göstərən “Neftçi”nin yenə eyni iddiada olacağı gözlənilsə də, komanda 6 oyundan sonra 8 xal toplaya bilib. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” isə maksimum – 18 xal toplayıb və ən yaxın izləyicisi “Səbail”i 8 xal qabaqlayır. Artıq Ağdam təmsilçisinin yenidən çempionluq kubokunu başı üzərinə qaldıracağını və çempionatın taleyinin müəyyən olunduğunu düşünənlər də var.

8 komandalı çempionatın hazırkı vəziyyəti ilə bağlı fikirlərini və oyunlardan zövq alıb-almadıqlarını öyrənmək üçün idman jurnalistərinə müraciət etdik:

Həbib Aslanov (Futbol+):

“Düzü, mövsümün əvvəlində çempionatda qeyri-adi hadisələrin, başqa cür desək, nəticələrin qeydə alınacağını gözləmədiyimə görə, liqa mənim üçün o qədər də böyük maraq kəsb etmirdi, oyunları səbirsizliklə gözləmirdim. Çünki müəyyən ssenari var ki, artıq onu özüm üçün müəyyənləşdirmişdim: “Qarabağ”la “Neftçi” açıq-aşkar çempionluğa oynayacaq, 3-cü, 4-cü yer uğrunda “Səbail”lə “Sabah” mübarizə aparacaq, digər komandalar isə ortabab və aşağı yerlər statusu daşıyacaq. Amma mövsümün gedişatı bəzi sürprizlərə yol açdı. Bunlar təkcə bizim üçün yox, həm də futbolsevərlər, futbol ictimaiyyəti üçün olduqca vacib oldu. Məsələn, açığı, “Neftçi” ilə “Sabah”ın bu vəziyyətə düşəcəyini gözləmirdim. Hamıya məlum olan bu vəziyyət mənim üçün müəyyən maraq yaratdı. Hadisələrin bundan sonrakı axarı mənim üçün vacibdir, maraqlıdır. Səbirsizliklə hadisələrin gedişatını izləyirəm. “Neftçi” əvvəlki vəziyyətinə qayıda, çempionluq yolunda “Qarabağ”a rəqib ola biləcəkmi? “Sabah”ı bundan sonra nələr gözləyir? Uğursuzluq zolağından çıxmağa çalışan komanda bunu bacaracaq, ya yox? Bu məsələ də mənim üçün maraqlıdır. Eyni zamanda, “Səbail”in bundan sonrakı vəziyyəti necə olacaq? Yeni mövsümün startı ərəfəsində maliyyə sıxıntısı yaşadılar, bu vəziyyət düzələcəkmi? “Keşlə” isə məni təəccübləndirməkdə davam edir. Onların bu çıxışı mütəmadi hal alacaqmı, komanda bu cür oyun sərgiləməyə davam edəcəkmi? Ya bir müddət sonra uğursuzluq zolağına düşəcək? Bu və digər məqamlar mənim üçün maraqlı olduğundan, çempionatda müəyyən rəqabətin formalaşdığını deyə bilərəm. Fikrimcə, bundan sonrakı oyunlar daha maraqlı xarakter daşıyacaq. Mənim üçün intriqa qızışıb və indiki oyunlar və nəticələr maraqlı çempionat vəd edir”.

Səxavət Qurbanov (İdmanxeber.az):

“Təbii ki, çempionat “Qarabağ”ın hegemonluğu ilə başladı. Bu, hazırda da turnir cədvəlində öz əksini tapır. Açığı, 1-2 oyun xaric, elə də maraqlı görüşlər izləmədik. Boş tribunalar önündə keçirilən oyunlardan necə zövq almaq olar ki? Çempionat sönük keçir. Konkret, çempionat keçirmək xatirinə çempionat keçirilir kimi… “Qarabağ” tək ayaqla rəqiblərini devirir. Digər 7 komanda özü üçün mübarizə aparır. “Neftçi” də mübarizəyə qoşula bilmədi ki, maraqlı oyunlara şahidlik edək. Bu mövsüm çox güman ki sona kimi belə də davam edəcək. “Qarabağ” istəsə, bu çempionat maraqlı keçər. Hazırkı mənzərə də göstərir ki, “Qarabağ” heç kimə güzəştə getməyəcək, çempion erkən bilinəcək”.

Anar Xanlarov (Rekord.az):

“6 turdan sonra çempion məlumdursa, o çempionatdan hansı zövqü almaq olar? Heç bir zövqdən söhbət gedə bilməz. Zövqü o çempionatdan alırlar ki, orda maraqlı mübarizə gedir, bir-birindən gərgin oyunların şahidi olursan. Ən əsası, futbolun coğrafiyası, rus demişkən, “risunka”sı geniş olur. Bu gün bunların heç biri bizdə yoxdur. “Qarabağ” xaric, bütün klublar bu və ya digər şəkildə AFFA-nın nəzarətindədir. “Qəbələ” də artıq yavaş-yavaş “ağ bayraq” qaldırır və proseslər bu cür davam etsə, yəqin ki, onlar da federasiyanın nəzarətinə keçəcək. Hazırda bizim gördüyümüz AFFA-nın monopoliyasında olan “Bakı çempionatı”dır. Nə qədər ki, AFFA-da hazırkı rəhbərlik olacaq və xüsusilə də, Elxan Məmmədov baş katib postunda əyləşəcək, nə bizim normal çempionatımız olacaq, nə də biz ondan zövq alacağıq”.

Röya Kərimli (Sport7.az):

“Çempionat? Buna çempionat demək olar ki? Zövq almaqmı? Serial izləməyi xoşlamıram. Bizdə “Azərbaycan Premyer Liqası” adı altında keçirilən futbol turniri yox, sadəcə serialdır. Hər şey ssenari əsasında baş verir. Əvvəlcədən necə planlaşdırılırsa, mövsüm elə də davam edir. Əvvəllər çempionatın hər oyununa gedən Röya, son illərdə stadiona ayağım dəymir. Niyə? Çünki mənə belə futbol lazım deyil, qardaş. Oyunlar haqqında ancaq saytda “yenilənir”ə baxanda məlumatım olur. O da işə görə məcburam. Yoxsa mən nəinki stadiona getmək, heç TV-ni açıb oyunlara baxmaq istəmirəm. Deyəcəklər yenə başladılar tənqidə… Sizi bilmirəm, mən çiçəklənən Azərbaycan futbolu görmürəm. Gördüyüm tək şey boş çöllük və qaratikan kollarıdır. Uzun danışmayacam. Ay 6 komanda ordan getdi, ay “Bakı birinciliyi” burdan getdi, ay Elxan Məmmədov istefa, ay elə, ay belə… Artıq bu mövzular çürüyüb. Biz yazmaqdan, oxucular da bunları oxumaqdan yorulub. Lap 16-18 komanda olan vaxtlara da getməyəcəm. Çünki həmin vaxtlar azarkeş olduğum illər idi. Sırf mətbuatda çalışdığım illərə əsasən deyəcəm ki, “Xəzər Lənkəran”ın iştirak etmədiyi, “böyük oyun”ların keçirilmədiyi, Lənkəran və “Neftçi” azarkeşlərinin yaşatdığı möhtəşəm futbol ab-havası olmayan çempionatı mən çempionat deyə qəbul etmirəm”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button