“Qarabağ” ÇL-in qrupuna düşməsə yaxşıdır

Natiq Muxtarlı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə adlamaq şansı yüksəkdir. Özü də çox yüksək. Amma mən “köhlən atlar”ın ÇL-in yox, Avropa Liqasının qrupunda oynamasını istəyirəm. Niyə? Deyim də.

“Qarabağ” ÇL-in qrupunda Avropanın adlı-sanlı klubları ilə mübarizə aparacaq. Sosial şəbəkələrin Azərbaycan seqmentində “işləyən” “mütəxəssislər” nə edəcəklər? Qurban Qurbanova “Barselona”, “Real”, “Mançester Siti” kimi komandaları məğlub etmək üçün məsləhətlər verəcək, taktika tövsiyə edəcəklər, gününü göy əskiyə döndərəcəklər onun. Qurbanov da tərsdir axı, onların məsləhətini nəzərə almayacaq, tövsiyələrinə əhəmiyyət verməyəcək. Nəticədə “Qarabağ” “Mançester Siti”yə, “Real”a qalib gələ bilməyəcək və ÇL-in qrupunda qalacaq. Sonra nə olacaq? Sonra bu “mütəxəssislər” “axı biz demişdik ki, Qurban Qurbanov belə etsin” bağırıb, baş ağrıdacaqlar. Mənim də başağrısına dözümüm yoxdur.

Ona görə də, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsini istəmirəm. Ən yaxşısı Avropa Liqasının qrupudur. Burada Qurbanov sosial şəbəkələrdə “işləyən” “mütəxəssislər”in məsləhətinə qulaq asmadan da komandasını qrupdan çıxara bilər. Ən pis halda qrupda 3-cü yeri tutub, mübarizəni gələn il Konfrans Liqasında davam etdirmək olar.

Hə, o başqa məsələ ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq daha çox pul deməkdir. Amma bu pul o “mütəxəssislər”in ağzını yummağa, mənim də başımın ağrısını kəsməyə yetməz. Qısası, “Qarabağ”ın ÇL-in qrupuna düşməsini istəmirəm. Yaxşısı Avropa Liqasıdır. Başının ağrımasını istəməyən realist adamların da mənim kimi düşündüyünə əminəm. Həzər sosial şəbəkələrin Azərbaycan seqmentində “işləyən” “mütəxəssislər”in əlindən. Bilirsiz orada nə qədər “Qvardiola”, “Klopp”, “Ançelotti” “işləyir”?

Bizi Telegramda izləyin