“Qarabağ”a tanış sima – erməni təxribatının şahidi “Makkabi” ilə oyunda

“Qarabağ” Avropa Liqasının İ qrupunun ilk turunda “Makkabi” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın səfər matçını Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Con Biton olacaq.

Şotlandiyalı referi daha əvvəl də “Qarabağ”ın oyunlarına təyinat alıb. Belə ki, Biton, Ağdam klubunun ötən il Avropa Liqasında “Düdelanj”la qarşılaşdığı səfər oyununda da söz sahibi olmuşdu. “Qarabağ”ın 4:1 hesabıyla qələbə qazandığı görüşdə erməni təxribatı baş vermişdi. Belə ki, Qurban Qurbanovun yetirmələrinin vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranmış və matç 24 dəqiqədən sonra davam etdirilmişdi.

Biton bundan əlavə, 2016-cı ildə, Avropa Liqasının qrup mərhələsinin PAOK – “Qarabağ” görüşünü idarə edib. Qarşılaşmada Ağdam təmsilçisi minimal hesablı qələbə qazanmışdı – 1:0.

Oktyabrın 22-də keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.