Qalmaqallı Albaniya – Polşa matçı ilə bağlı qərar açıqlandı

2022-ci il dünya çempionatının seçmə mərhələsində azarkeşlərin davranışlarına görə yarımçıq dayandırılmış Albaniya – Polşa matçı ilə bağlı qərar açıqlanıb.

Komanda.az xəbər verir ki, FİFA-nın qərarı ilə Albaniya Futbol Federasiyası baş vermiş insidentə görə 150 00 İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, Albaniya millisi Andorraya qarşı seçmə mərhələnin sonuncu ev oyununu azarkeşsiz keçirəcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Albaniya – Polşa matçının 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli azarkeşlər meydana yad əşyalar atıblar. Nəticədə, fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Daha sonra bərpa olunan oyun Polşa millisinin minimal hesablı qələbəsi ilə başa çatıb.