“Kamp Nou”nu partladacağıq” – “Lion”un futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Lion”un futbolçusu Nabil Fekir açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı vinger, meydana qalib gəlmək üçün çıxacaqlarını deyib:

“Bu turnirdə hər zaman böyük sürprizlər olur. Səhv etməməliyik, çünki Çempionlar Liqasında nəticəni kiçik səhvlər müəyyənləşdirir. Matçın favoriti “Barselona”dır, amma biz də qalib gələ bilərik. Meydana qalib gəlmək üçün çıxacağıq. Təcrübəli və gənc futbolçulardan ibarət heyətimiz var. Qalib gəlmək üçün çox qərarlıyıq.

“Kamp Nou”da oynamaq hər futbolçunun xəyalıdır, mənim də hər zaman oynamaq istədiyim bir yerdir. Amma indiki vəziyyətdə harda oynamağımızın əhəmiyyəti yoxdur. Vacib olan göstərəcəyimiz oyun və mərhələni keçməyimizdir”.

Stadionda 5 min “Lion” azarkeşinin olacağı ilə bağlı danışan fransalı futbolçu, “Onlar bizə çox böyük güc verəcəklər, bizi dəstəkləmələri möhtəşəmdir. Çox xüsusi bir matç olacaq. “Kamp Nou”nu partladacağıq” deyib.

“Barselona” – “Lion” matçı bu gün, saat 00:00-da start götürəcək. İlk oyun qolsuz bərabərliklə başa çatıb.