“Qalatasaray”a qalib gəlib, tarixə düşmək istəyirik”

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qalatasaray”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Kimə qarşı oynayacağımızı bilirik. “Qalatasaray”ın səviyyəsindən çox danışmağa ehtiyac yoxdur. Rəqib barədə ətraflı analiz aparmışıq, futbolçuları məlumatlandırmışıq. Sabah qələbə üçün bütün oyunçularım əllərindən gələni edəcəklər. Bir faiz şansımız varsa, ondan maksimum yararlanmağa çalışacağıq.
  • “Qalatasaray”ın ən güclü tərəfi hücum və hücumameyilli yarımmüdafiə xətti görünür. Amma “Neftçi”də dayaq yarımmüdafiəçisi mövqeyi ilə bağlı problemləri var. Bununla bağlı hər hansı planınız varmı?
  • Rəqibin güclü və zəif tərəflərini bilirik. Son oyuna görə belə deyirsizsə, haqlısız. Amma sabah tam başqa oyun olacaq. Rəqibi tam analiz etmişik deyiriksə, deməli, ona qarşı hansısa planlarımız var.
  • “Sumqayıt”la matçdan sonra demişdiniz ki, bəzi oyunçulardan razı deyilsiniz. Heytdə dəyişiklik gözlənilir?
  • Hələ tam qərar verməmişik. Son məşqimizi də keçdikdən sonra qərar verəcəyik.
  • “Sumqayıt”a məğlubiyyətdən sonra komandanı psixoloji “yama”dan çıxarmaq üçün nə etmisiniz?
  • Düşünmürəm ki, “yama”dayıq. Sadəcə, məğlub olmuşuq. Komandanı maksimum dərəcədə psixoloji cəhətdən matça hazırlayacağıq. Futbolçularımız təcrübəlidirlər, belə rəqiblərə qarşı oynayıblar.
  • Bu oyunu sizin və komandanız üçün böyük şans saymaq olar?
  • Belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir. Hər bir futbolçumuz da qələbə qazanıb, “Neftçi”nin tarixinə düşmək istəyir.
  • Son oyun göstərdi ki, müdafiə xəttində problem var. Mamadu Mbodjla münasibətiniz qaydasında görünmürdü, həmçinin Anton Krivotsyukun psixoloji problemi olduğu hiss edilir. Sabah onlardan nə gözləyirsiniz?
  • Yaxşı oyun gözləyirəm. Mbodjla heç bir problemim yoxdur. O, səhvlərini gördü, bir-birimizi başa düşdük. Komandamdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.
  • Matça qısa müddət qalmış stadion dəyişdi. Bu, sizin planınıza nə dərəcədə təsir etdi?
  • Elə bir təsiri olmadı. Doğma şəhərimizdə oynayırıq. Milli komandamız da bu arenada çıxış etmişdi.
  • Emin Mahmudovla bu oyun haqda xüsusi söhbətiniz olubmu? Çünki onun oyunu alınanda komanda yaxşı çıxış edir…
  • Mənim üçün hər bir futbolçu dəyərlidir. Bütün futbolçularla həm fərdi, həm də komanda şəklində danışmışıq. Onlar balaca deyillər, oyuna tam hazırdırlar.
  • Yeni hücumçu Prins İbaranın son durumu nədir?
  • Tam qərarı son məşqin ardından verəcəyik. Amma onun durumu ürəyimcədir.