“Qalatasaray” yeni transferlərini rəsmən açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı yarımmüdafiəçu Lukas Torreyra və belçikalı hücumçu Dris Mertensi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lukas Torreyra İngiltərənin “Arsenal” klubundan transfer olunub. Türkiyə nəhəngi bu keçidə görə London təmsilçisinə 6 milyon avro ödəyib. 4 illik müqaviləyə imza atan futbolçu özü isə yeni komandasında ilinə 2 milyon 750 min avro qazanacaq.

Bu yay İtaliyanın “Napoli” klubundan azad agent kimi ayrılan Dris Mertens isə Türkiyə nəhəngi ilə 1+1 illik müqaviləyə imza atıb. Belçikalı futbolçu bu komandada ilinə 2.9 milyon avro qazanacaq. O, 1.1 milyon avro imza pulu da alacaq.

Dris Mertens 2013-cü ildən “Napoli”də forma geyinirdi. Təcrübəli futbolçu bu komandanın heyətində 397 matça çıxıb, 148 qola imza atıb. 35 yaşlı forvard daha öncə “Utrext”, AQOVV və “Endraxt” kimi klublarda da çıxış edib. Belçika milli komandasında 105 matça çıxmış forvard, 21 qolla yadda qalıb.

Lukas Torreyra isə “Arsenal”a 2018-ci ildə transfer olunub. London təmsilçisində cəmi iki mövsüm keçirən və 89 oyuna 4 qol vurmuş futbolçu, geridə qalan mövsümü “Fiorentina”da icarədə keçirib. O, İtaliya klubunda 35 oyuna 5 qolla yadda qalıb. 2020/21 mövsümündə isə 26 yaşlı yarımmüdafiəçi Madrid “Atletiko”sunda icarədə olub – 26 oyun, 1 qol. Torreyra “Arsenal”dan öncə İtaliyada “Peskara” və “Sampdoriya”nın da uğurları üçün çalışıb. Lukas Uruqvay yığmasında 39 oyuna çıxıb.

Xatırladaq ki, “Qalatasaray” Torreyra və Mertensdən öncə Haris Seferoviç, Fredrik Midtsyo, Serxio Oliveyra, Abdülkerim Bardakcı, Leo Dubo və Kazımcan Karataşı da transfer etmişdi.

Yeri gəlmişkən, ötən mövsümü “Qalatasaray”da icarədə keçirmiş Erik Pulqar özünə yeni iş yeri tapıb. Müqavilə ilə İtaliyanın “Fiorentina” klubuna məxsus olan çilili futbolçu Braziliya “Flamenqo”suna keçib. Braziliya klubu bu transfer üçün italyanlara 2.5 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Erik Pulqar 2019-cu ildən “Fiorentina”da çıxış edirdi. Çili yığmasının üzvü daha öncə “Deportes Antofaqasta”, “Universidad Katolika” və “Bolonya” klublarında da çıxış edib. Florensiya təmsilçisində 82 oyunda 8 qol vurmuş futbolçu, millidə də 40 matça çıxıb, 4 qola imza atıb. O, geridə qalan mövsümdə “Qalatasaray”da cəmi 11 oyuna çıxmışdı.