“Qalatasaray”ın məşqi ləğv olundu

Türkiyə çempionu “Qalatasaray” ötən gün məşqə çıxmayıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi proqram üzrə yerli vaxtla saat 12:00-da növbəti məşqə çıxmalı idi.

“Sarı-qırmızılar” öncə bu məşqin saat 17:00-a təxirə salındığını açıqlayıb. Lakin sonradan məşq ümumiyyətlə ləğv olunub.

Məşqin ləğv olunmasına səbəb Türkiyədə koronavirus epidemiyasının yayılmasıdı. Klubun yaydığı məlumata görə, bu qərar futbolçular, məşqçilər və digər bütün işçilərə telefonla çatdırılıb. Nəticədə hər kəs evinə yollanmalı olub.

Xatırladaq ki, “Qalatasaray”ın ötən həftə “Beşiktaş”la oyunundan öncə Radamel Falkao sosial şəbəkədə Super Liqa matçlarının təxirə salınması barədə istəyini dilə gətirmişdi. Oyundan sonra isə İstanbul klubunun baş məşqçisi Fatih Terim, eləcə də qapıçı Fernando Muslera Türkiyə çempionatının dayandırılmamasına etirazını dilə gətirmişdi.