“Çempion olan, avrokuboklarda mübarizə aparan komandada olmaq istəyərəm” – Müsahibə

“Qəbələ” klubunun hücumçusu Rauf Əliyevin Komanda.az saytına müsahibəsi:

  • Geridə qalan mövsüm haqda fikirləriniz nədir?
  • Mövsüm sonda kubok qazandığımız üçün uğurlu oldu. Premyer Liqada istədiyimiz yerdə olmasaq da, kuboku qazanıb, bunu türklər demiş “telafi” etdik. “Qəbələ” tarixində ilk kubok olduğu üçün uğurlu mövsüm saymaq olar.
  • İlk dövrədə uğursuz çıxış etdiz. Komandanın futbolçuları arasında uyumsuzluq hiss edilirdi. Bu, nə ilə bağlı idi?
  • Belə deyək də, komanda hardasa yenidən formalaşmışdı. Mövsümün əvvəlində baş məşqçi dəyişikliyi var idi. Gedən futbolçular da var idi, yeni gələnlər də. Bu amilləri nəzərə alsaq, müəyyən problemlər gözlənilən idi. Komanda tam oturuşmamışdı. Qış fasiləsindən sonra komanda olaraq yaxşı çıxış etməyə başladıq. İtirdiyimiz xalları bir o qədər də bərpa edə bilmədik. Ancaq şanslarımız var idi. Əsas 3-cü yer uğrunda mübarizə aparırdıq. Bəzi səhvlərdən 3-cü yeri əldən verdik. Ancaq kubokda əvvəlcə “Qarabağ”ı məğlub etdik, sonra da “Sumqayıt”ı. Bunlar bizim qışdan sonrakı hazırlığımızın bəhrəsi idi ki, onu da gördük.
  • Mövsümün əvvəlində yenilənmiş heyətin yaratdığı problemlərdən danışdız. Artıq mətbuatda “Qəbələ”də ciddi dəyişikliklər olacağı yazılır. Sabien Lilay, Stiven Monroz komandadan ayrılır, Elvin Camalovun da adı “Neftçi” ilə hallanır. Bunlar baş verərsə, komanda yenilənməlidir…
  • Belə deyək də, bizə də hələ heç nə deyilməyib. Sadəcə, dəyişikliklər olacağı bildirilir, ancaq rəsmi bir şey yoxdur. Gözləyirik, bu, futboldur. Komanda əsas heyətini dəyişəcəksə, buna edəcək bir şey yoxdur.
  • Ancaq nəzərə alaq ki, “Qəbələ” növbəti mövsümdə çempionat və ölkə kuboku ilə yanaşı, Avropa Liqasında da mübarizə aparacaq…
  • Deməklə heç nə olmur. Klubun rəhbərliyi var, onlar qərar verəndən sonra da edəcək bir şey yoxdur. Nə qərar qəbul etsələr, ona hörmətlə yanaşmalıyıq. Klubun da öz sahibləri var.
  • Sizin “Qəbələ” ilə müqaviləniz bitir. Yenə bu klubda qalacaqsızmı?
  • Hələ ki, özüm də bir qərar verməmişəm. Yaxın günlərdə nə olacağı bilinəcək. Hazırda istirahətdəyik.
  • Təkliflər varmı?
  • Bəli, var. Ancaq “Qəbələ”ni gözləyirəm. Burda olmasa, başqa təklifləri dəyərləndirəcəm.
  • Belə çıxır, ilk seçimin “Qəbələ”dən yanadır?
  • Bəli.
  • Təkliflər yerli klublardandır, yoxsa xarici klublardan da təkliflər var?
  • Ancaq yerli klublardır.
  • Hansı klublardır?
  • İndi bunu açıqlaya bilmərəm.
  • Azərbaycan millisində AÇ-2020-nin oyunları üçün dəvət göndərilən futbolçular arasında yer almadız…
  • Vallah, nə bilim. Milli komanda haqda danışmaqdan artıq bezmişəm, eyni şeylər olur. Jurnalistlər də eyni sualları verirlər. Nə deyim, belə qərar verirlər. Artıq neçə vaxtdır ki, belə problem görürəm, oynasaq da, alınmır. Çağırmırlarsa, edəcək bir şey yoxdur.
  • “Qəbələ” klubunun növbəti mövsümdə əsas hədəfi nə olacaq?
  • İndidən demək çətindir. Komanda qalsa, yaşasa… Qalmağına qalacaq, ancaq necə heyətlə, hansı heyətlə, ümumi məqsəd nə olacaq, bilinmir.
  • Mətbuatda “Qəbələ”də növbəti mövsüm üçün gənclərin üstünlük təşkil edəcəyi bir komanda qurulacağı iddia olunur. Bu iddiaları təsdiqləyirsizmi?
  • Yəqin gənclərə üstünlük veriləcəksə, yuxarılar üçün mübarizə aparmaq çətin olacaq. Klub onda öz akademiyasından oyunçu yetişdirməyi düşünəcək.
  • Yuxarı pillələrə iddialı “Qəbələ”, yoxsa gənclərə üstünlük verib, yerli futbolçular yetişdirən “Qəbələ?
  • Cavab vermək çətindir. Cavanlarla liqada çempionluq üçün mübarizə aparmaq çətindir. Ancaq bir tərəfdən də, Azərbaycan futbolu üçün gənc futbolçular yetişdirmək müsbət məqamdır. Klub rəhbərliyi növbəti mövsüm üçün nəticə istəmirsə, yəni çempionluq, onda o biri tərəfi fikirləşir ki, oyunçu yetişdirsin.
  • “Qəbələ” rəhbərliyi nəticə istəməsə, Rauf Əliyevin yenə ilk seçimi bu klubdan yana olacaq?
  • İndiki halda bir şey demək istəmirəm. Əlbəttə, mən də iddialı yerdə olmaq istəyərəm. Çempion olan, avrokuboklarda mübarizə aparan komandada olmaq istəyərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button