“Qələbələrin sayı çox olacaq” – Canni De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Cənubi Kipr yığmasına qarşı keçirilən səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis 1:0 hesablı qələbəyə sevindikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi.

Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gəlməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.

İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.