“Qəbul etməliyik ki, rəqib bizdən üstün idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bu gün bizim türk qardaşlarımızın cümhuriyyət günüdür. Onların bayramını təbrik edirəm. Daha möhkəm və birlikdə olmağı arzu edirəm. Bu gün futbolçularımdan razı qaldım. Baxmayaraq ki, çox təcrübəli və güclü komandaya qarşı oynayırdıq. Çalışdıq ki, nizam-intizamı sona qədər qoruyub saxlayaq. Rəqibin heyəti bizdən güclü, futbolçularının dəyəri bizimkilərdən qat-qat çoxdur. İkinci hissədə komandada yorğunluq oldu. Əsas müdafiə xəttində dəyişikliyə ehtiyac var idi, amma alınmadı. Məğlub olsaq da, belə komandalara qarşı oyun bizim üçün böyük təcrübədir.
  • Bu gün sizi sevindirən 3 məqamı deyə bilərsiz?
  • Birincisi ev oyunumuzu Türkiyədə oynamaq, ikincisi stadionu vurğulamaq istəyərdim. Bizi burada çox yaxşı qarşıladılar. Bunlar mənə və futbolçulara böyük ruh verdi. Bəzi futbolçuların hazır olmaması məni məyus etdi. Amma bütövlükdə, futbolçulardan razı qaldım.
  • Məğlubiyyətdən başqa, sizi təəssüfləndirən nədir?
  • Hər məşqçi istəyir ki, əlindəki futbolçular hamısı sağlam olsun. 5 əvəzetmə şansımız var idi, ancaq bundan tam istədiyim kimi istifadə edə bilmədik. Kaş ki, futbolçularımın hamısı sağlam olardı. Buna təəssüflənirəm.
  • Hakimliklə bağlı nə deyə bilərsiz?
  • Çexiya ilə deyəsən Azərbaycan yaxşı yola getmir. O vaxt Bakıdakı “İnter”lə oyunda da çex hakim qolumuzu qeydə almamışdı. Oyunumuzu neytral meydanda oynayırıq, hakimlər də bir az səbrli olmalıdırlar. İlk epizoddan sarı vərəqə verməməlidirlər. Belə oyunlarda belə penalti vermirlər.
  • Ötən ildən “Match TV” telekanalı “Qarabağ”ın oyunlarını yayımlamır. Belə bir məlumat var ki, orada erməni jurnalist var və ona görə yayımlanmır…
  • Orada erməni varsa, belə də edəcək. Onlara fikir verməməliyik, bu, bizə lazım deyil, başlarına dəysin. Bizim yerli kanallar, türk mediası bizim oyunları verir, şərh edir. Bizə başqası lazım deyil.
  • Rahil Məmmədov hələ tam hazır deyil?
  • Rahilə bir söz deyə bilərəm, o da əhsən. Uzun müddətdir oynamırdı, zədədən yeni qayıdıb. Onun oyunundan razıyam.
  • Hədəflərinizdə dəyişiklik var?
  • Hər 2-3 gündən bir oyunumuz var. Bu gün Bakıya qayıdırıq, 2 gün sonra yenidən oyunumuz var. Daha sonra da “Sivasspor”la qarşılaşacağıq. Hədəfimiz daima o olub ki, baxımlı oyun göstərək. Bundan da əl çəkməyəcəyik. “Sivasspor”la matç hər iki komanda üçün çətin olacaq. Hər zaman futbolçularımdan əzmkarlıq tələb edirəm.
  • Oyun Bakıda olsaydı, qələbə qazana bilərdiz?
  • Belə düşünürdüm desəm, yalan olar. Mən İstanbulla Bakı arasında fərq görmədim. Qəbul etməliyik ki, rəqib bizdən üstün idi. Bəlkə də, Bakıda daha böyükhesabla məğlub ola bilərdik.
  • Heyətinizin güclənməsini Azərbaycan Premyer Liqası üçün istəyirsiz, yoxsa Avropa Liqası üçün?
  • Fərq yoxdur. İndi elə bir dövrdür ki, düşünülməyən nəticələr olur. Biz “Makkabi” ilə oyundan sonra xal itkisinə məruz qaldıq. Bu turnirdə böyük enerji itirilir. Çempionatla Avroliqanı fərqləndirmirəm. Abbas Hüseynov bu mövsüm çox oyun keçirib, ikinci hissədə onu əvəzləmək istəyirdim, ancaq əlimdə futbolçu yoxdur. Futbolçular tam sağlam olsa, belə problemləri də çox yaşamarıq. Bu mövsüm də Premyer Liqada qələbələrimiz azdır. Bəlkə də, fikirləşirlər ki, “Qarabağ” üçün Premyer Liqada oynamaq asandır, ancaq belə deyil. Bizim üçün asan oyun yoxdur. Biz, öz səviyyəmizi saxlamaq istəyirik.

Şahin Cəfərov