“Qəbələ”ni satanlar

Aygül Qarayeva

Dünən Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının Lixtenşteyn yığmasına uduzması tənqidlərə, müzakirələrə səbəb oldu. Niyə? Niyə bizim millimiz, gələcəkdə əsas yığmanın futbolçusu olacaq gənclər “cırtdanlar”a uduzmamalıdır?

Azərbaycanın futbol klubları arasında ən yaxşı akademiyaya, infrastruktura malik olan “Qəbələ” bəlkə də tarixinin ən çətin dövrünü yaşayır. Klub rəhbərliyi komandaya ayrılan vəsaitin azalacağını açıqladıqdan sonra “qırmızı-qaralar”da sanki yarpaq tökümü oldu, futbolçular bir-bir aradan çıxmağa başladı. Heç bir futbolçu transfer etməyən əyalət təmsilçisi hələ ki, hansısa oyunçu ilə müqavilə müddətini də uzatmayıb. Amma… Artıq “Qəbələ”ni 8 futbolçu tərk edib ki, bunların da tən yarısı azərbaycanlılardır. Komandanın kapitanı Cavid Hüseynov da başda olmaqla, bu futbolçular klubda büdcənin azalacağını öyrəndikdən sonra çətin vəziyyətdə “Qəbələ”nin yanında olmaq əvəzinə, özlərinə yeni klub tapdılar. O Cavid Hüseynov ki, azarkeşlər onu “böyük kapitan” adlandırırdı. O Cavid ki, həbs olunarkən “Qəbələ” nəinki onu komandadan uzaqlaşdırdı, əksinə, yanında oldu. Qayıtdıqdan sonra da oynamaq şansı, kapitanlıq sarğısını verdi.

“Yuventus”u xatırlayırsızmı, dostlar? İtaliya A Seriyasında danışılmış oyunlarla bağlı qalmaqaldan sonra “Yuventus”un son iki ölkə çempionuğu əlindən alınmış və klub B Seriyasına göndərilmişdi. “Qoca sinyora”nın canlı əfsanəsi hesab olunan Canluici Buffon o vəziyyətdə olan komandanı tərk etməmişdi. Sədaqətini nümayiş etdirmiş, komandanın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün çalışmışdı. Hələ Del Pyero, Pavel Nedved, David Trezeqe… Bəs bizim futbolçularda bu davranış niyə yoxdur? Niyə Cavid Hüseynov vaxtilə ona dəstək olmuş komandaya mənəvi borcunu qaytarmır? Niyə Ürfan Abbasov, Elvin Camalov son anadək “Qəbələ”nin yanında olmaq istəmədi?

Son mövsümü “Səbail”də keçirmiş Ruslan Qurbanov bu gün ölkə mətbuatına açıqlamasında “Qəbələ”dən və “Zirə”dən təklif aldığını, amma bu təkliflər maddi cəhətdən onu qane etmədiyi üçün “Keşlə”yə transfer ola biləcəyini bildirib. Bəli, Avropa Liqasında iştirak edəcək “Qəbələ”ni deyil, mövsümü sonuncu pillədə başa vuran, heç bir perspektivi, iddiası olmayan “Keşlə”ni seçmək məhz azərbaycanlı futbolçuya yaraşan hərəkət ola bilərdi. Faciədir, azərbaycanlı futbolçu bir az çox pul alacaq deyə, Avropa Liqasında çıxış edəcək klubu yox, son mövsümün autsayderi olmuş komandanı seçir. Ruslanı da, Cavidi də, Elvini də, Ürfanı da eyni düşüncədə, eyni tamahkarlıqdadır.

Və biz belə futbolçuların şərəfini qoruduğu millidən nəsə, nəticə gözləyirik. Oxucu, azarkeş, jurnalist olaraq bu cür futbolçulardan hansı nəticəni gözləməli olduğumuzu bir daha düşünməliyik.