“Qəbələ” yaxşı klubdur, amma…

Rəşad Ergün

“Qəbələ” yaxşı klubdur. Vaxtı ilə daha yaxşı klub idi.

Amma…

…Gedir. “Xəzər Lənkəran”ın, “MKT-Araz”ın, “Şəmkir”in, “Karvan”ın, “Karat”ın, “Viləş”in, “Standard”ın, “Rəvan”ın getdiyi yerə tərəf. Boşluğa, bozluğa tərəf gedir “Qəbələ”.

Bilirəm, indi AFFA rəhbərliyinin boğazından yapışıb, “Sənsən, sizsiz günahkar! “Qəbələ”ni bu günə siz qoyduz, siz öldürürsüz” demək istəyirsiz. Var, əlbəttə, bu adamların günahları var, özü də xirtdəyə kimi. Amma “Qəbələ”ni zəiflədən, gücdən salan, maliyyəsini azaldan, Cavid Hüseynova, başqa futbolçulara “burda pul azdır, başını götür, aradan çıx” deyən onlar olmadı.

“Qəbələ”ni Azərbaycan futbolundakı eybəcər, iyrənc, axmaq sistem gücdən saldı, çökdürdü. Bu komandanı ölkə iqtisadiyyatındakı boşluqlar, azad, müstəqil sahibkarlığın olmaması, olanlarına da süni əngəllərin olması yıxdı. “Qəbələ”dən əvvəl “kəlmeyi-şəhadət” gətirməyə fürsəti olmayıb, bozluğa, boşluğa yol almış başqa “rəhmətliklər” – klublar kimi.

Avropada Azərbaycan neftinin hesabına özlərinə mülklər, obyektlər alan, göz görə-görə oğurluq edən milyoner-məmurlar AFFA rəhbərliyi qədər günahkar deyilmi? Hansı ki, onlar bizdən oğurladıqları pulların kiçik bir hissəsini bizim azarkeşlik etdiyimiz klublara da xərcləyə bilərdilər.

Artıq səslər eşidilməyə başlanılıb: “AFFA bu klubu ölməyə qoymamalıdır!” “AFFA Qəbələni futbolsuz buraxmamalıdır!”..

AFFA növbəti dəfə futbol cinayətinə əl atmalıdır! AFFA futbolun bütün qaydalarına tüpürməlidir, daha bir klubu ağuşuna alıb, bəsləməlidir, yaşamasına kömək etməlidir!

“AFFA “Qəbələ”ni ölməyə qoymamalıdır” deyən yoldaşlar, siz nə istədiyinizin fərqindəsiz? Hansısa bir təşkilatın, şirkətin, şəxsin bir çempionatda 5-6 kluba sponsorluq etməsi, onları maliyyələşdirməsi qəti və birmənalı şəkildə qadağandır! Anlayırsızmı bunu? Yəni AFFA-nın (SOCAR-ın) “Neftçi”yə, “Keşlə”yə, “Sumqayıt”a, üstəlik, sizin arzuladığınız kimi, “Qəbələ”yə sponsorluq etməsi futbol cinayətidir! Onsuz da Azərbaycan futboluna rəhbərlik edənlərin əlləri çirkaba bulaşıb, siz onlara səslənib, daha bir dəfə “günah”a batmalarını istəyirsiz.

“Qəbələ” yaxşı klubdur, uşaq futboluna diqqət ayırır, əla infrastrukturu, akademiyası var. “Qəbələ” Azərbaycan futbolu adına avrokuboklarda tarix yazmış klubdur. Bu klub dağılmamalıdır, yaşamalıdır. Amma yaşaması futbol qaydalarını pozmaq, ələ salmaq hesabına olmamalıdır. “Qəbələ”ni AFFA yaşatmamalıdır!

Bu sistem başdan-ayağa yanlışdır. Bir klub bir adamın, bir nazirin, bir bank rəhbərinin cibindən asılı olmamalıdır. O bir adam, bir nazir, bir bank rəhbəri sabah vəzifəsindən gedən kimi hansısa rayon, şəhər klubsuz qalmamalıdır. Bu, futbol deyil, vallah da, billah da, deyil. Belə klub olmur, klub belə idarə olunmur. Klub heç AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın gözünə kül üfürüb, maketlərini düzəltdiyi Müşahidə Şurası adlı oyuncaqlarla da idarə olunmur. Klub “Bavariya”, “Barselona”, “Real”, “Liverpul”, “Qalatasaray” kimi idarə olunur.

“Qəbələ” yaxşı klubdur, yaşamalıdır. Amma AFFA yaşatmamalıdır. Biz futbol adına daha bir qanunsuzluğu tələb edib, dəstəkləməməliyik. Siz nə etdiyinizin, nə istədiyinizin fərqinə varırsız?