“Qəbələ” – “Sumqayıt”: 30-cu duel

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start verilib. “Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Komanda.az “Qəbələ”nin saytına istinadən xəbər verir ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb.

Ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan “Qəbələ” 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən futbolçular Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub.

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən “Qəbələ” 21 qol buraxıb.

15-ci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan qəbələlilər 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədir – 26:7.

“Qəbələ” – “Sumqayıt” matçı bu gün, saat 19:00-da start götürəcək.